ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder Euronews-a müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı tez-tez səsləndirdiyi hədələr və ABŞ hərbçilərinin İranda bahalı hərbi texnikadan aktiv istifadəsi Alyansı zəiflədib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, hazırda NATO öz tarixinin ən ciddi böhranı ilə üzləşib.
“Son altı həftə NATO-ya həddindən artıq ziyan vurdu. Biz parçalanmış bir alyans görürük ki, bu da əvvəl Sovet İttifaqının, daha sonra isə Rusiyanın son 80 ilin böyük hissəsində məqsədi olub”, deyə Daalder vurğulayıb.
Daalder hesab edir ki, Trampın ABŞ-nin gələcəkdə Rusiya və ya digər rəqiblər tərəfindən mümkün hərbi təcavüzə məruz qalan NATO müttəfiqlərini müdafiə etməyəcəyi ilə bağlı eyhamları Alyansı destabilizasiya edib və qlobal nizamı sarsıdıb. O qeyd edib ki, İrana qarşı müharibə ABŞ-nin hərbi resurslarını da zəiflədib, çünki bombardmanlar zamanı böyük həcmdə raket və digər silah ehtiyatları istifadə olunub.
“NATO həqiqətən münaqişə vəziyyətində olan bir alyansdır, əgər ABŞ prezidenti "sizi müdafiə etməyəcəyəm" deyirsə, bu, Moskva üçün NATO-nu yoxlamaq üçün yaxşı fürsətdir. Bu, həm də Pekin üçün Tayvanda nələrin mümkün ola biləcəyini yoxlamaq üçün yaxşı fürsətdir, çünki ABŞ-nin hərbi potensialının böyük hissəsi Fars körfəzinə yönəldilib”, deyə Daalder bildirib.
Keçmiş diplomat İrana qarşı müharibəni “tarixi miqyasda strateji səhv” adlandırıb.
Samir


