Vyetnamın keçilməz və sıx meşələrində milyonlarla il boyunca gizli qalan nəhəng yeraltı boşluğun hekayəsi təsadüfi bir fırtına ilə başlayıb. Bu gün həcminə görə dünyanın ən böyük mağarası hesab edilən Son Doong yalnız qayalardan ibarət bir tunel deyil; içində buludların hərəkət etdiyi, özünəməxsus meşənin formalaşdığı və nəhəng boşluqların hökm sürdüyü tamamilə fərqli bir dünyadır.
HİT.az xəbər verir ki, bu yeraltı krallığın üzə çıxması bölgənin coğrafiyasını yaxşı tanıyan yerli bələdçi Ho Khanh və ingilis mütəxəssis Howard Limbert-in inadkar axtarışları nəticəsində mümkün olub. Hər şey 1990-cı illərdə qiymətli ağac növlərini axtaran Ho Khanh-ın meşədə fırtınaya düşərək sığınacaq axtarması ilə başlayıb. O, nəhəng bir qaya boşluğuna rast gəlib və içəridən gələn sis buludları və güclü uğultu səbəbilə bunu sanki bir əjdahanın nəfəsi kimi hiss edib. Həmin gün içəri girməyə cəsarət etməsə də, gördüklərini illərlə unuda bilməyib.
2007-ci ildə İngiltərənin Mağara Araşdırma Assosiasiyasından Howard Limbert ilə əməkdaşlıq edən Ho Khanh bu sirli yeri tapmaq üçün ekspedisiya ilə birlikdə yenidən bölgəyə qayıdıb. Lakin sıx meşə və bir-birinə bənzər dağlıq relyef girişin yerini gizlədib və ilk cəhd uğursuz olub. Təslim olmayan Ho Khanh bir il sonra təkbaşına meşəyə qayıdaraq giriş nöqtəsini yenidən müəyyən etməyi bacarıb. 2009-cu ildə isə tam təchizatlı komanda mağaraya daxil olub və qarşılaşdıqları boşluğun Malayziyadakı oxşar strukturlardan beş dəfə daha böyük olduğunu müəyyən edib.
Son Doong-un daxili hissələrində irəlilədikcə insan zaman və məkan hissini itirir. Təxminən 9 kilometr uzunluğa malik bu sistemin bəzi hissələrində genişlik 200 metrə çatır. Nəhəng tunellərdən hətta Boeing 747 təyyarəsinin keçə biləcəyi bildirilir. Mağaranın tavanında çökmüş sahələrdən daxil olan günəş işığı isə yeraltında kiçik bir meşənin formalaşmasına şərait yaradır. Təxminən 38,4 milyon kubmetr həcmə malik bu boşluğun içində “Umut ve Vizyon” adlı 70 metrlik dünyanın ən uzun stalaktiti də yerləşir.
Mütəxəssislərin fikrincə, bu kəşf bölgədəki sirrlərin yalnız kiçik bir hissəsini ortaya çıxarıb. Phong Nha-Ke Bang Milli Parkının hələ yalnız üçdə biri araşdırıldığı üçün daha böyük yeraltı strukturların hələ də kəşf olunmağı gözlədiyi düşünülür. Hazırda isə Son Doong təbiətin səbrini və insanın kəşf həvəsini göstərən ən möhtəşəm nümunələrdən biri kimi mövcudluğunu qoruyur.
Samir


