Avropa NATO müttəfiqləri ABŞ-ın İrana dair mövqedəki hərəkətsizlik ittihamlarını rədd etsələr də, Donald Tramp ilə NATO baş katibi Mark Rutte arasında baş tutan sərt görüşdən sonra gərginlik yaşandığını etiraf edirlər.
HİT.az xəbər verir ki, “Politico”nun mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO baş katibi Mark Rütte ilə qapalı görüş zamanı alyans üzvlərini sərt tənqid edib və onların İranla bağlı mövqeyindən narazılığını ifadə edib.
Əvvəlcə işgüzar səfər kimi planlaşdırılan görüşün gedişində Trampın ABŞ–İsrail tərəfinin İrana qarşı addımlarına Avropa ölkələrinin kifayət qədər dəstək verməməsindən şikayətləndiyi bildirilir.
Avropalı rəsmilər danışıqları “təhqir dolu söhbət” kimi təsvir ediblər və Trampın konkret addımlar barədə açıq təhdidlər səsləndirməsə də, mümkün cavab tədbirlərinə işarə etdiyini iddia ediblər. Ağ Ev isə prezidentin müttəfiqlərə hər hansı tələb irəli sürdüyünü təkzib edib.
“Hamısı yanlış istiqamətdə getdi”, deyə avropalı rəsmilərdən biri bildirib. Onun sözlərinə görə, Trampın çıxışı “təhqir dolu söhbət” xarakteri daşıyıb və o, qeyri-müəyyən şəkildə müxtəlif addımlar ata biləcəyinə işarə edib.
Tramp görüşdən sonra sosial şəbəkələrdə NATO-nu tənqid edərək alyansın “lazım olduğu vaxtda yanlarında olmadığını” yazıb və yenidən Qrenlandiya mövzusuna toxunub.
Alyans daxilində isə görüşün “açıq, lakin konstruktiv” olduğu bildirilir. Mark Rutte Trampın məyusluğunu hiss etdiyini təsdiqləsə də, NATO-nun birliyinin qorunduğunu vurğulayıb.
Avropa tərəfdaşları hadisəyə ehtiyatlı reaksiya verirlər. Almaniya kansleri Fridrix Merz ABŞ-ni İranla danışıqları davam etdirməyə çağırıb və döyüş əməliyyatlarından sonra Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dəstək verməyə hazır olduqlarını bildirib.
Fransa isə mümkün müdafiə tədbirlərini nəzərdən keçirir. Eyni zamanda 40-dan çox ölkədən ibarət koalisiya birbaşa hərbi müdaxilədən yayınaraq İrana qarşı sanksiya və diplomatik təzyiqin artırılmasını dəstəkləyir.
WSJ-nin məlumatına görə, Tramp administrasiyası NATO daxilində ABŞ və İsraili kifayət qədər dəstəkləməyən bəzi ölkələrə qarşı cəza tədbirləri planını da nəzərdən keçirir.
Görüşdən sonra Tramp NATO ölkələrinin kritik məqamda Vaşinqtonu dəstəkləmədiyini və bunun təkrar oluna biləcəyini bəyan edib.
Samir


