Məlum olduğu kimi, ABŞ-İran danışıqlarının vaxtı açıqlanıb.
Bu gün Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilən ABŞ və İran nümayəndələri arasındakı danışıqlar birbaşa formatda baş tutacaq. Onu da bildirək ki, İran Livanda atəşkəs olmasa, danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
Maraqlıdır, danışıqlardan əsas gözləntilər nələrdir?
Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında deyib ki, İslamabadda ABŞ və İran arasında keçirilməsi gözlənilən tarixinin iyunun 11-ə dəyişməsi bu müzakirələrin baş tutmayacağına dair rəylərin həqiqiətə daha yaxın olduğunu göstərir:
“Ümumiyyətlə, tərəflər arasında atəşkəs elan edildiyi ilk saatlardan bu razılaşmanın çox kövrək olduğu və hətta çox keçmədən pozulacağı barədə fikirlər üstünlük təşkil edirdi. Aprelin 7-dən bəri danışıqların baş tutmasını əngəlləyən kifayət qədər amillər meydana çıxıb. Bu xüsusda İranın irəli sürdüyü 10 bəndlik təkliflər paketinin ABŞ tərəfindən rədd edilməsi, vitse-prezident Ceyms Devid Vensin dediyi kimi, “zibil yeşiyi”nə atılması, İsrailin Livanda 270 nəfərin ölümü 700 nəfərin yaralanmsı ilə nəticələnən geniş miqyaslı hərbi əməliyyatlar keçirməsi, eləcə də rəsmi Tehranın nüvə proqramından imtina etməyəcəyinə dair bəyanatı vəziyyətin gərgin olaraq qaldığını göstərir”.

Onun sözlərinə görə, İran tərəfinin Hörmüz boğazından keçən gəmi və tankerlərdən ödəniş alınması barədə məlumatın Tehran tərəfindən təsdiq edilməsi ABŞ-ni danışıqlardan imtina etməyə və hərbi zərbələri davam etdirməyə sövq edə bilər:
“Çünki Hörmüz məsələsi İslamabadda keçirilməli olan danışıqların gündəliyində ilk sırada dayanır. Ancaq İranın Hörmüz problemini bilərəkdən qəlizləşdirməsi də istisna edilmir. İran Hörmüz “kart”ını ortaya atmaqla ABŞ-nin diqqətini uranın zənginləşdirilməsi, ballistik raket proqramı, İranda rejim dəyişikliyi və Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyi dayandırmaq kimi tələblərdən yayındırmağa nail olmaq istəyir. Demək olar ki, İran bu niyyətinə xeyli nail olub. Ona görə də Hörmüz boğazından keçən tanker və gəmilərə görə rüsum tutulması İranın danışıqlar öncəsi əlini gücləndirmək və ABŞ-yə təzyiq etmək məqsədi daşıyır”.
Ekspert hesab edir ki, bu isə müharibənin yenidən başlaması deməkdir:
“Dəniz Hüququ haqqında Konvensiyanın 37-ci maddəsinə görə, gəmilərin, o cümlədən hərbi gəmilərin sahil dövlətinin suverenliyinə xələl gətirmədən, lakin dinc keçid rejimindən daha sərbəst şəkildə boğazlardan sürətli və fasiləsiz keçidi təmin edilməlidir. Həmin konvensiyanın 44-cü maddəsi yalnız arxipelaq dövlətinə aid olsa da onu İrana aid etmək olar. Çünki Hörmüz boğazında İrana məxsus Xərq, Əbu Musa, Böyük Tumb və Kiçik Timb adaları yerləşir. İran isə gəmilərin arxipelaq keçidindən istifadə edən xarici gəmilərə qarşı ayrı-seçkilik etməməli və keçidi süni şəkildə çətinləşdirməməlidir. Ona görə də ABŞ Prezidenti Donald Trampın buna kəskin etiraz edərək tankerlərin keçidinə görə pul tələb edilməsini dayandırmaq çağırışı qarşılığında İranın öz mövqeyindən geri çəkilməməsi İslamabad görüşünün pozulmasına gətirib çıxara bilər”.
Müşfiq Abdulla qeyd edib ki, “Hizbullah” lideri Naim Qasimin öldürülməsi danışıqların baş tutmaması üçün əsas səbəblərdən birinə çevrilə bilər:
“Artıq İranın xarici işlər naziri Abbas Əraqçinin və parlamentin spikeri Məhəmməd Baqir Qalibafın danışıqlarda iştirak etmək üçün İslamabada getdiyi barədə məlumatı rəsmən təkzib edib. Bu baxımdan, danışıqların baş tutacağı şübhə doğurur. Lakin tərəflər arasında birinci raund danışıqların baş tutması mümkündür. Çünki İran müdafiə mövqelərini möhkəmlətmək və raket potensialını artırmaq üçün vaxt qazanmağa çalışır.
Eyni zamanda, ABŞ də Hörmüz boğazının açılması, girov qalmış tanker və gəmilərin buraxılmasından sonra hərbi əməliyyatların davam etdirilməsinə üstünlük verir. Yəni hər iki tərəf zaman qazanmaq istəyir. Lakin İsrail hücumları davam etdirməklə hər iki tərəfə bu zamanı tanımaq istəmir”.
Günel Cəlilova

