ABŞ NATO-dan çıxsa, nə baş verəcək?

DÜNYA
15:30 / 10.04.2026
46

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın NATO-dan çıxacağı halda Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün əlavə ölkələrə ehtiyac olacağını bildirib. 

HİT.az xəbər verir ki, o, bu barədə “The Rest Is Politics” podkastına müsahibəsində danışıb.

“Əgər ABŞ həqiqətən NATO-dan çıxmağı düşünürsə, Avropanın təhlükəsizliyi yalnız Avropa İttifaqına əsaslanacaq. Lakin indiki formada yox. Hesab edirəm ki, Avropa İttifaqı əlavə ölkələrə ehtiyac duyur”, deyə Zelenski vurğulayıb.

Onun fikrincə, bu ölkələr Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç olmalıdır. “Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir. Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiyadan daha güclüdür. Ukrayna və Türkiyə olmadan Avropa Rusiyaya bərabər ola bilməz. Bu dörd ölkə ilə dənizlərə nəzarət etmək, hava məkanını qorumaq və ən böyük quru qüvvələrinə sahib olmaq mümkündür”, deyə o qeyd edib.

Ukrayna prezidenti bunun hücum məqsədi daşımadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, məsələ təhlükəsizliyin təmin edilməsidir: “Rusiya 2030-cu ilə qədər ordusunun sayını 2,5 milyon nəfərə çatdırmağı planlaşdırırsa, Avropa öz təhlükəsizliyi və müstəqilliyini necə qoruyacağını düşünməlidir”.

Zelenski həmçinin xatırladıb ki, Böyük Britaniya əvvəllər Avropa İttifaqının üzvü olub. Türkiyə ilə bağlı kənd təsərrüfatı sahəsində müəyyən narahatlıqlar mövcuddur. “Lakin iqtisadiyyat güclü olarsa, bütün bu məsələləri həll etmək mümkündür. Təhlükəsizlik birinci yerdədir, iqtisadiyyat isə ikinci. Əksinə deyil”, deyə o əlavə edib.

Aprelin 9-da ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşərək ölkəsinin Alyansdan çıxma ehtimalını müzakirə edib.

“Politico” nəşrinin məlumatına görə, Tramp qapalı görüş zamanı NATO müttəfiqlərini sərt tənqid edib və Avropa ölkələrinin ABŞ-İsrailin Tehrana qarşı addımlarını dəstəkləmək istəməməsindən narazılığını ifadə edib.

Trampın NATO-dan çıxmaq niyyəti ilə bağlı bəyanatları fonunda Avropada artıq Alyansa alternativ axtarışlarının zəruriliyi barədə fikirlər səsləndirilir.

Bununla yanaşı, ABŞ prezidentinin sərt ritorikasına baxmayaraq, hələlik bu bəyanatları təsdiqləyən konkret addımlar müşahidə olunmur.

Samir

0