Macarıstanda keçirilən seçkilərdə sürpiz nəticə qeydə alınıb.
Belə ki, 16 ildir iqtidarda olan Viktor Orbanın lideri olduğu “Fides” partiyası məğlub olub. Müxalif Peter Madyarın rəhbərlik etdiyi “Titsa” Partiyası hakimiyyətə gəlib. Bundan sonra Macarıstanda nələrin dəyişəcəyi müzakirə olunur. Ölkədə yeni siyasi mərhələnin başlanması isə gələcək kursu ilə bağlı sualları gündəmə gətirir.
Maraqlıdır, yeni hakimiyyət dönəmində Macarıstanın Avropa İttifaqı ilə münasibətləri olacaq? Ümumiyyətlə, ölkənin siyasətində hansı dəyişikliklər baş verəcək?
Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında deyib ki, Macarıstandakı seçki nəticələri Avropa İttifaqı və Rusiya-Ukrayna müharibəsi baxımından da ciddi əhəmiyyət daşıyır:

“Viktor Orban rəhbərliyindəki Macarıstan indiyədək Avropa İttifaqının Ukraynaya dəstək siyasətinə tez-tez maneələr yaradır, bu məsələdə sərt mövqe nümayiş etdirirdi. Bu isə İttifaqın Ukrayna ilə bağlı qərarlarında çevikliyini müəyyən qədər məhdudlaşdırırdı. Peter Maqyarın rəhbərlik etdiyi siyasi qüvvənin hakimiyyətə gəlməsi Macarıstanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanmasına səbəb ola bilər. Eyni zamanda, bu dəyişiklik ölkənin Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsində Avropa üçün əngəl rolundan uzaqlaşacağına işarə edir”.
Ekspert qeyd edib ki, Orban hakimiyyəti dövründə Macarıstan türk dünyası ilə əlaqələrə xüsusi önəm verirdi və bu istiqamətdə fəal siyasət yürüdürdü:
“Yeni rəhbərliyin bu münasibətləri necə davam etdirəcəyi müəyyən suallar doğursa da, bu sahədə kəskin dəyişikliklərin baş verməyəcəyi ehtimal olunur. Türk Dövlətləri Təşkilatı çərçivəsində Macarıstanın əvvəlki fəallığının qorunub saxlanılması gözlənilir. Ümumilikdə isə, Macarıstanın yeni dövrdə Avropa İttifaqı istiqamətində daha fəal və konstruktiv mövqe sərgiləyəcəyi proqnozlaşdırılır”.
Günel Cəlilova

