“ABŞ ilə İran arasında yenidən müharibə başlaya bilər”.
Bu sözləri Azad Vətən Partiyasının sədr müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında danışıqların uğursuz olması gözlənilən idi:
“Çünki tərəflərin şərtlərinin qəbul olunma ehtimalları çox aşağı idi. Məsələn, İran Hörmüzün statusunun dəyişdirilməsini və oradan keçən gəmilər üçün pul almağı təklif edir. Lakin bu həm beynəlxalq dəniz qanunlarına ziddir, həm də Ağ Ev tərəfindən qəbul olunacaq bir şey deyil. Əks təqdirdə, İran bunu əsas gətirərək müharibədə qalib gəldiyini elan edəcəkdi.
Hərçənd ki, bunun müzakirə predmeti olmasında belə ABŞ və İsrailin məğlub olduğunu bəyan etdi. Bundan əlavə, rəsmi Vaşinqton İranın Hörmüz boğazını tam açmaması tərəflər arasında əldə olunan atəşkəsə də uyğun gəlmədiyini açıqlayır. Üstəlik, ABŞ Prezidenti Donald Trampın da Hörmüz boğazı ilə bənzər iddiaları var”.
Ekspert qeyd edib ki, hazırda əsas anlaşmazlıq Hörmüz boğazı ilə bağlıdır:
“Faktiki olaraq, hər iki tərəf Hörmüz boğazının nəzarətinin özündə olmasını istəyir. Lakin bu boğazın ABŞ-nin nəzarətində olması da İran üçün qəbulolunmaz bir haldır. Ona görə də tərəflər arasında bu məsələ ilə bağlı anlaşma əldə olunmur. Hətta son günlərdə hər iki ölkədən gələn təhdidlərin sırf Hörmüz boğazı ilə bağlı olması da təsadüf deyil.
Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı həm coğrafi baxımdan, həm də qlobal enerji bazarındakı həlledici rolu ilə dünyanın ən strateji su keçidlərindən biri hesab olunur. Bu dar boğazın Fars körfəzini açıq okeanlara bağlayan yeganə çıxış yolu olması onun əhəmiyyətini daha da artırır. Eyni zamanda, sözügedən boğazın dünya iqtisadiyyatı üçün önəmi də onun uğrunda mübarizəni daha da “alovlandırır”. İran üçün Hörmüz boğazı həm iqtisadi “nəfəslik”, həm də ən güclü geosiyasi “kart”dır. Hazırkı gərginlik şəraitində Tehran hakimiyyəti əlindəki bu “kart”dan maksimum şəkildə istifadə edir”.
Onun sözlərinə görə, Hörmüz boğazı üzərindəki gərginlik sadəcə iki ölkə arasındakı regional münaqişə deyil, qlobal enerji təhlükəsizliyi və dəniz yollarının idarə olunması uğrunda gedən böyük bir güc mübarizəsidir:
“Həm ABŞ, həm də İran boğazı öz strateji maraqlarının mərkəzində görür. Bu səbəbdən də yaxın günlərdə tərəflər arasında yenidən hərbi toqquşma olma ehtimalı yüksəkdir. Böyük ehtimalla, Trampın dənizdən İranı blokadaya almağa başlamasına SEPAH-dan cavab veriləcək. Bu isə yeni toqquşmaya səbəb olacaq.
Görünür, ABŞ ilə İran arasındakı növbəti müharibə məhz Hörmüz boğazında başlayacaq. Dənizdən başlayan əməliyyatların yenidən İran ərazisinə hava hücumları müstəvisinə keçmə ehtimalı da böyükdür. İsrailin də İranla müharibə tərəfdarı olduğunu və Donald Tramp üzərindəki təsir gücünü nəzərə alsaq, ABŞ-nin yeni əməliyyatlara başlaması gözləniləndir”.
Elmir Mustafa



