Polşanın qərbində Avropada bənzəri olmayan bir meşə mövcuddur. Burada yüzlərlə ağac gövdəsinin dibindən kəskin və eyni istiqamətdə əyilərək böyüyür. Onilliklər keçməsinə baxmayaraq, mütəxəssislər bunun səbəbini hələ də dəqiq izah edə bilmirlər.
HİT.az xəbər verir ki, bu barədə “DailyGalaxy” nəşri yazır.
Qrifino şəhəri yaxınlığında yerləşən təxminən 400 şam ağacından ibarət qrup əvvəlcə demək olar ki, 90 dərəcəlik bucaq altında əyilir, sonra isə yenidən yuxarıya doğru düz şəkildə böyüməyə davam edir. Maraqlıdır ki, yaxınlıqdakı digər ağaclar isə tam normal inkişaf edir. Bu şamlar 1930-cu illərdə əkilib, lakin İkinci Dünya müharibəsi dövründə ərazi tərk edildiyindən və zərər gördüyündən onların bu formada böyüməsinin səbəbi barədə məlumatlar itib.
İllər ərzində bu fenomenlə bağlı fərqli versiyalar irəli sürülüb. Bəziləri ağacların yadplanetli gəmi tərəfindən əzildiyini iddia edir. Digərləri isə nasist tanklarının gənc fidanların üzərindən keçdiyini düşünür.
Lakin bu ehtimallar yalnız həmin ağac qrupunun zədələnməsini izah etmir. Əgər səbəb tanklar olsaydı, yaxınlıqdakı digər ağaclar da eyni təsirə məruz qalmalı idi.
Daha real izah bitkilərin biologiyası ilə bağlıdır. Merilend Universitetindən Qeri Koulmanın sözlərinə görə, ağaclar “qravitropizm” adlanan reaksiyanı göstərə bilər.
“Bu, mənə klassik cazibə qüvvəsinə reaksiya kimi görünür. Gövdə cazibə istiqamətinə perpendikulyar vəziyyət aldıqdan sonra bitki öz mövqeyini dəyişmək üçün mexanizmlər işə salır”, deyə o bildirib.
O, ABŞ Meşə Xidmətində işlədiyi dövrdə fırtınadan zərər görmüş meşələrdə oxşar formalara rast gəldiyini də qeyd edib.
“Bu, yəqin ki, ağaclar hələ kiçik fidan olarkən baş verib. Bunun insan müdaxiləsi, yoxsa fırtına kimi təbii hadisə nəticəsində baş verdiyini dəqiq deyə bilmərəm”, deyə alim əlavə edib.
Bəzi faktlar isə ağacların bilərəkdən bu şəkildə formalaşdırıldığını göstərir. Bəzi gövdələrdə kəsik və budaq izlərinin olması onların böyümə zamanı əyildiyini ehtimal etməyə əsas verir.
Pensilvaniya Universitetinin açıqlamasında qeyd olunur ki, ağaclar demək olar ki, 90 dərəcə əyilərək yerə yaxın hissədə “J” formasını alır və bütün əyilmələr şimala yönəlib.
Bir versiyaya görə, bu ərazi xüsusi məqsədli meşə plantasiyası olub. İnsanlar mebel, çəllək və ya konstruksiya elementləri üçün əyri formalı, daha möhkəm ağac materialı əldə etmək məqsədilə ağacları qəsdən bu formada böyüdüblər.
Qeyd edək ki, son araşdırmalar ağaclardakı hərəkətli yarpaqların enerji yarada biləcəyini göstərir. Alimlər hazırda meşələri təmiz enerji mənbəyinə çevirmək imkanlarını daha dərindən öyrənirlər.
Samir




