Qərbi Antarktidada Dotson şelf buzlağının xəritələşdirilməsi ilə məşğul olan pilotsuz sualtı aparat buzun altında qeyri-adi strukturlar aşkar etdikdən sonra əlaqəni itirib və itib.
HİT.az xəbər verir ki, bu barədə “Earth.com” məlumat yayıb.
“Ran” adlı aparat bir neçə həftə ərzində təxminən 129,5 kvadratkilometr sahəni skan edib və buzlaqların əriməsi ilə bağlı sadə modelləri şübhə altına alan yeni nümunələr aşkar edib.
Layihəyə Göteborq Universitetinin okeanoqrafiya üzrə professoru Anna Volin rəhbərlik edib. Onun araşdırmaları okean cərəyanlarının buzlaqları altdan necə əridərək onların sabitliyinə və gələcək dəniz səviyyəsinə təsir göstərdiyini öyrənməyə yönəlib.
“Ran” buzun altında saatlarla müstəqil hərəkət edən avtonom robot-sualtı aparatdan ibarətdir.
2022-ci ildə keçirilən ekspedisiya zamanı aparat 27 gün buz altında hərəkət edib və təxminən 17,7 kilometr dərinlikdə gizli boşluğa daxil olub. Missiyanın məqsədi buzlağın şərq hissəsində qalın və yavaş ərimə ilə qərb hissəsində daha nazik və sürətli ərimə arasındakı fərqləri araşdırmaq idi.
Aparatın müşahidələri göstərib ki, şərq və mərkəzi hissələrdə buz “pilləvari terraslar” şəklindədir, qərb hissəsində isə səth daha hamar olub, kanallar və oyuqlarla xarakterizə edilir. Bu strukturlar peyk görüntülərində görünmədiyi üçün əvvəllər tam naməlum idi.
Alimlərin sözlərinə görə, zəif cərəyan olan ərazilərdə buz səthi pilləli formada olur. Güclü cərəyanların olduğu yerlərdə isə turbulensiya və su qatlarının qarışması əriməni sürətləndirərək daha hamar səthlər yaradır.
“Ran” həmçinin buzlağın bütün qalınlığı boyunca uzanan çatları da qeydə alıb. Bu çatların bir çoxu 1990-cı illərdən bəri mövcuddur və zamanla altdan ərimə nəticəsində daha da genişlənib.
Aparat real vaxt rejimində əlaqə olmadan işləyirdi, çünki radio siqnallar və GPS qalın buz qatından keçə bilmir. O, naviqasiya və akustik sistemlər vasitəsilə istiqamətini müəyyən edirdi.
Missiyalar bir neçə saatdan bir sutkaya qədər davam edirdi və bu müddətdə yaranan problemlər yalnız aparat səthə qayıtdıqdan sonra məlum olurdu.
Tədqiqatçılar növbəti missiya zamanı “Ran”ı yenidən buz altına göndəriblər, lakin aparat geri qayıtmayıb. Onlar itkinin səbəbi kimi texniki nasazlıq və ya buz strukturları ilə toqquşmanı ehtimal edirlər.
Buna baxmayaraq, “Ran”ın ötürdüyü məlumatlar Antarktidada buzlaqların ərimə prosesini anlamaq üçün nadir imkan yaradıb və bu regionun hələ də kifayət qədər öyrənilmədiyini göstərib.
Samir


