Donald Tramp Hörmüz boğazının blokadası ilə bağlı planlarını açıqlayarkən bu prosesdə digər ölkələrin də iştirak edəcəyini bildirmişdi. Lakin o, konkret hansı dövlətləri nəzərdə tutduğunu dəqiqləşdirməyib. Hazırkı vəziyyət isə müttəfiq ölkələrin bu təşəbbüsə qoşulmağa tələsmədiyini göstərir.
HİT.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Böyük Britaniya ABŞ-ın təklif etdiyi Hörmüz boğazının blokadasında iştirak etməyəcək. Bu isə Tramp ilə Böyük Britaniyanın baş naziri Kir Starmer arasında İranla bağlı gərginlik fonunda yeni fikir ayrılığı yaradır.
Məlumata əsasən, Böyük Britaniya digər müttəfiqlərlə birlikdə boğazın minalardan təmizlənməsi üçün avtonom pilotsuz sistemlərin yerləşdirilməsini müzakirə edib. Lakin bu, Trampın irəli sürdüyü blokada planından ayrı bir təşəbbüsdür.
“Bloomberg” yazır ki, Böyük Britaniya və digər ölkələrin nümayəndələri yaxın günlərdə dəniz yolunun açılması ilə bağlı mümkün planı müzakirə etmək üçün yenidən görüşəcəklər. Bununla belə, bir çox dövlətlər davamlı sülh razılaşması olmadan hərbi dəniz qüvvələrini cəlb etməyə hazır deyil və boğazın hərbi yolla açılmasını real hesab etmir.
Eyni zamanda “CNN” xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese ABŞ-ın ölkəsindən Hörmüz boğazının blokadasında iştirakla bağlı heç bir rəsmi tələb irəli sürmədiyini bildirib.
“Bizə heç bir müraciət edilməyib. Bu açıqlama gecə saatlarında və birtərəfli şəkildə verilib”, deyə Albanese qeyd edib.
Daha əvvəl Tramp ABŞ və İsrailin İranla münaqişəsi fonunda müttəfiqləri kifayət qədər dəstək verməməkdə tənqid etmişdi. O, Avropa ölkələrini artan neft qiymətləri fonunda strateji marşrutlardan keçən tankerların müşayiəti üçün hərbi gəmilər göndərməyə çağırmışdı.
“Fox News”a verdiyi son müsahibədə Tramp Böyük Britaniyanın baş naziri Kir Starmeri sərt tənqid edərək onu keçmiş Britaniya lideri Nevill Çemberlen ilə müqayisə edib.
“Texnika müharibədən əvvəl və ya müharibə zamanı lazımdır”, deyə Tramp bildirib və Starmerin mövqeyini “Çemberlen tipli bəyanat” adlandırıb.
Bazar ertəsi, 13 aprel tarixindən etibarən ABŞ İran limanlarına daxil olan və çıxan bütün dəniz hərəkətini bloklamağa başlayacaq. Eyni zamanda ABŞ Hörmüz boğazından keçən, lakin İran limanlarına aid olmayan gəmilər üçün naviqasiya azadlığını məhdudlaşdırmayacaq. Analitiklər isə bu blokadanın icrasının çətin olacağını, gəmilərin identifikasiya məlumatlarını dəyişərək nəzarətdən yayınma ehtimalının olduğunu bildirirlər.
Samir


