Yumurta qoyan, südünü "tər kimi ifraz edən" və gözlərini bağlayaraq ovlanan məməli

DÜNYA
19:38 / 13.04.2026
51

Biz heyvanları adətən məməlilər, sürünənlər, quşlar kimi aydın qruplara ayırırıq. Lakin elə bir canlı var ki, bu təsnifat qaydalarını sanki tamamilə “inkar edir”. 

HİT.az-ın məlumatına görə, “Forbes”də dərc olunan məqalədə amerikalı təkamül bioloqu Skott Trevoris bildirir ki, bu növ sanki təbiətin sərbəst eksperimentinin nəticəsidir.

Avropalı təbiətşünaslar XVIII əsrin sonunda bu heyvanın qalıqlarını ilk dəfə görəndə bunun saxta ola biləcəyini düşünmüşdülər. Lakin realda ördək dimdiyi, qunduz quyruğu və su samuru tükünə bənzər quruluşa sahib bir canlı – Avstraliyanın şərqində yaşayan platipus mövcud idi.

"Platipus elə bil təkamülün sərbəst şəkildə rəsm çəkməsi nəticəsində yaranıb", deyə Trevoris zarafat edir.

Platipus monotremlər adlanan qədim məməlilər qrupuna aiddir. Əksər məməlilərdən fərqli olaraq onlar yumurta qoyur. Yumurtadan çıxan balalar kor, zəif və tamamilə anadan asılı olur. Bununla belə, onlar məməlilərə xas olan südvermə xüsusiyyətinə də malikdirlər.

Platipuslarda məmələr (süd vəziləri ucları) yoxdur. Süd birbaşa qarın dərisindən ifraz olunur və dəridəki kanallar vasitəsilə balalar tərəfindən yalayaraq qəbul edilir.

"Bir növ südünü tər kimi ifraz edirmiş kimi görünür", deyə müəllif qeyd edir.

Bu, əslində tər deyil, tam normal süd – yağlar, zülallar və immun komponentləri ilə zəngindir.

Platipusların ən qəribə xüsusiyyətlərindən biri ovlanma üsuludur. Onlar bulanıq suda ov edərkən gözlərini, qulaqlarını və burun dəliklərini bağlayırlar, lakin yenə də ovunu dəqiqliklə tapırlar.

Bunun səbəbi elektroresepsiyadır: dimdiklərində yerləşən reseptorlar ovun yaratdığı zəif elektrik siqnallarını hiss edir. Bu, onlara tam qaranlıqda belə istiqamət tapmağa imkan verir.

Samir
 

0