ABŞ ilə İran arasında danışıqlar davam edəcək?

DÜNYA
15:00 / 13.04.2026
110

“ABŞ ilə İran arasında danışıqların uğursuz olmasının əsas səbəbi tərəflərin fundamental məsələlərdə ziddiyyətli mövqelərdən çıxış etməsidir”. 

Bu sözləri politoloq Züriyə Qarayeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, tərəflər arasında fikir ayrılıqları var:


“Vaşinqton İranın nüvə proqramına və regional təsir imkanlarına ciddi məhdudiyyətlər qoyulmasını tələb edir, Tehran isə bunu öz təhlükəsizliyinə və suveren qərarvermə hüququna müdaxilə kimi qiymətləndirir. Bu ziddiyyət yalnız texniki detallar səviyyəsində deyil, siyasi baxışların mahiyyətindədir”.

Onun sözlərinə görə, qarşılıqlı etimadın olmaması və hər iki tərəfin daxili auditoriya qarşısında geri addım atmamaq məcburiyyəti kompromis imkanlarını daha da məhdudlaşdırır: 
“Nəticədə, danışıqlar razılaşma platformasına yox, mövqelərin nümayişi meydanına çevrilir. Buna baxmayaraq, yaranan gərginlik fonunda belə danışıqların tam dayanması real görünmür. Çünki həm ABŞ, həm də İran açıq hərbi qarşıdurmanın risklərini anlayır və diplomatik kanalları minimum səviyyədə də olsa açıq saxlamağa çalışır”. 

Züriyə Qarayeva hesab edir ki, ABŞ ilə İran arasında danışıqlar davam etdiriləcək:
“Danışıqlar davam edə bilər, lakin yaxın perspektivdə ciddi nəticə verməsi çətin görünür. Daha çox ehtimal olunan ssenari odur ki, tərəflər paralel şəkildə həm təzyiq siyasətini davam etdirəcək, həm də situasiyanı nəzarətdə saxlamaq üçün epizodik danışıqlara qayıdacaqlar. Bu isə prosesin uzunmüddətli və dəyişkən xarakter daşıyacağını göstərir”.

Elmir Mustafa


 

0