Bristol Universitetinin alimləri müəyyən ediblər ki, DNT şablon olmadan “sıfırdan” yaradıla bilər və bu proses idarə oluna bilər.
HİT.az xəbər verir ki, tədqiqat “Nature Communications” jurnalında dərc olunub.
Normal halda DNT-polimerazalar — yeni DNT zəncirlərini “quran” fermentlər — mövcud genetik zənciri kopyalayır. Lakin yeni araşdırma göstərib ki, bu fermentlər heç bir “nümunə” olmadan da uzun DNT hissələrini sintez edə bilir. Daha da diqqətçəkəni odur ki, yaranan ardıcıllıqlar təsadüfi deyil, strukturlaşdırılmış və təkrarlanan nümunələrə malikdir.
Tədqiqatçılar müəyyən ediblər ki, bu nümunələrin xarakteri reaksiyanın şəraitindən və fermentin növündən asılıdır. Temperaturun və ya DNT-nin “tikinti bloklarının” dəyişdirilməsi ilə alimlər ardıcıllıqların formalaşmasına təsir göstərə biliblər. Məsələn, komponentlərin məhdudlaşdırılması zamanı fermentlər uzunluğu minlərlə vahid olan yüksək dərəcədə təkrarlanan zəncirlər yaradıb.
Ənənəvi sintez üsullarından fərqli olaraq, burada səhvlərin yığılması səbəbindən uzunluq məhdudlaşmır və bir dövrədə on minlərlə vahid uzunluğunda DNT zəncirləri əldə etmək mümkün olub. Bu isə gen mühəndisliyi və sintetik biologiya üçün yeni imkanlar yarada bilər.
Belə molekulların strukturunu öyrənmək üçün alimlər DNT-nin birbaşa oxunması və fiziki formasının təhlili metodlarından istifadə ediblər. Bu, uzun zəncirlərin necə formalaşdığını və hansı qanunauyğunluqlara tabe olduğunu müəyyən etməyə imkan verib.
Müəlliflər bildirirlər ki, əvvəllər bu cür proses nadir və təsadüfi hesab olunurdu. Lakin indi məlum olub ki, şablonsuz DNT sintezi müəyyən qaydalara tabedir və idarə oluna bilər.
Alimlərin fikrincə, bu kəşf genetik materialla işləmə imkanlarını genişləndirə və gələcəkdə yeni genlərin yaradılması və hüceyrə proseslərinin idarə olunmasında istifadə oluna bilər.
Samir


