İsrail - İran müharibəsi yenidən başlayır?

DÜNYA
15:30 / 10.07.2026
174

İsrailin müdafiə naziri İsrael Katzın son açıqlaması dünyanın diqqətini çəkib.

Onun ordunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini və İranda hərbi əməliyyatları bərpa etməyə hazır olduqlarını bəyan etməsi regionda gərginliyin yenidən artacağı ilə bağlı müzakirələri gücləndirib. Bu açıqlama İsrail-İran qarşıdurmasının yaxın vaxtlarda yenidən hərbi müstəviyə keçə biləcəyi ehtimalını gündəmə gətirib. 

Bəs tərəflər arasında hərbi əməliyyatların yenidən başlanması nə dərəcədə realdır? 

Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında deyib ki, İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, İran bu ölkə üçün düşmən dövlət hesab olunur:

“İsrail dövlət strategiyasını həyata keçirmək üçün İranı neytrallaşdırmağa çalışır. Bu strategiya uzun illərdir hazırlanır. Müxtəlif dövrlərdə İrana təzyiq göstərmək üçün müxtəlif bəhanələr irəli sürülüb. Bu siyasət ABŞ-nin birbaşa dəstəyi ilə həyata keçirilir. Son əsaslandırma isə İranın nüvə silahı əldə edə biləcəyi və bunun dünya üçün təhlükə yaratdığı iddiası oldu. Bu arqument əsasında İrana qarşı hərbi əməliyyatlara başlanıldı. 

İranla hərbi əməliyyatların başlanmasında ABŞ vasitəçi rolunu oynadı. İsrail Yaxın Şərqdə öz strateji məqsədlərini həyata keçirmək istəyir və hesab edir ki, bu yolda İran əsas maneələrdən biridir. ABŞ ilə birgə həyata keçirilən hərbi əməliyyatlar da bu məqsədə hesablanmışdı. Hətta açıq şəkildə İranda hakimiyyətin dəyişdirilməsi ilə bağlı bəyanatlar səsləndirilmişdi. Hərbi əməliyyatlar İrana ciddi zərbələr vursa da, ABŞ və İsrail istədikləri nəticəyə tam nail ola bilmədilər”.

404123

Ekspert əlavə edib ki, qarşıdan ABŞ-də Konqres seçkiləri gəlir və bu seçkilər ölkənin daxili siyasi gündəminə ciddi təsir göstərir:

“Respublikaçılar Partiyasının nüfuzuna zərər dəyib və demokratlar bundan istifadə etməyə çalışırlar. Respublikaçılar seçkilərdə məğlub olarsa, Donald Trampa qarşı impiçment məsələsi yenidən gündəmə gələ bilər. Buna görə də Tramp İranla hər hansı razılaşma əldə etməyə və bunu Amerika ictimaiyyətinə siyasi uğur kimi təqdim etməyə çalışırdı. İranla ABŞ arasında danışıqlar getdiyi dövrdə İsrail dəfələrlə Vaşinqtonu İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırmışdı. 

İsrail rəsmiləri İranla danışıqların ölkələrinin maraqlarına uyğun olmadığını bildirirdilər və Baş nazir də münaqişənin davam etdirilməsinin tərəfdarı kimi çıxış edirdi. Faktiki olaraq hazırda İranla ABŞ arasında gərginlik yenidən artıb. Tərəflər bir-birini razılaşmaların pozulmasında ittiham edir və hərbi qarşıdurma yenidən gündəmə gəlir. Atəşkəsin pozulmasında İsrailin roluna dair müxtəlif iddialar da səsləndirilir. Fikrimcə, İsrail İranı zəiflədərək onu idarəolunan dövlətə çevirməyə çalışır”.

Siyasi şərhçi hesab edir ki, İranla aparılan istənilən danışıqların son nəticədə pozulması ehtimalı yüksəkdir: 
“İsrail və ABŞ öz strateji məqsədlərinə çatmaq üçün müxtəlif dövrlərdə fərqli əsaslandırmalar irəli sürürlər. Rəsmi Tel-Əviv beynəlxalq hüquq normalarından kənar davranır və qarşıya qoyduğu məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir. İran ətrafında baş verən hadisələr Yaxın Şərqdə hərbi xaosun dərinləşməsinə səbəb olur. 

Bunun nəticəsində dünya iqtisadiyyatında da gərginlik yaranır. Məlum olduğu kimi, dünya üzrə neft daşımalarının əhəmiyyətli hissəsi Hörmüz boğazından həyata keçirilir. Həmin ərazidə hərbi münaqişənin baş verməsi qlobal iqtisadiyyata və enerji bazarına ciddi təsir göstərir. Bu isə beynəlxalq ictimaiyyətdə narahatlığı artırır”.

Günel Cəlilova

0