ABŞ-İran danışıqları nəticə vermir: Səbəb nədir?

DÜNYA
15:32 / 13.07.2026
166

ABŞ və İran arasında nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar uzun illərdir davam etsə də, tərəflər arasında dərin etimadsızlıq qalmaqdadır. 

Məhz bu səbəbdən əldə olunan razılaşmalar çox vaxt uzunömürlü olmur və gərginlik yenidən hərbi müstəviyə keçir. Son olaraq da bənzər proseslər yaşandı. Tərəflər arasında danışıqlar getməsinə rəğmən, yenidən hərbi əməliyyatlara start verildi.

Bəs Vaşinqton və Tehran arasında aparılan danışıqlar niyə davamlı sülhə gətirib çıxarmır? Tərəflərin hansı maraqları kompromis əldə olunmasına mane olur və hərbi qarşıdurma riskini daim gündəmdə saxlayır?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında danışıqlar prosesinin bu səviyyədə davam etməsi, zaman-zaman tərəflərin hətta razılığa gəldikləri ilə bağlı açıqlamalar vermələrinə baxmayaraq hərbi gərginliyin səngiməməsi əvvəldən gözlənilən idi:

404398

“Çünki Donald Tramp administrasiyası ilə İran rəhbərliyi arasında danışıqlardan əvvəl də, danışıqlar dövründə də qarşılıqlı təhdidlərin şahidi olmuşuq. Tərəflər sanki bir-birini danışıqlar masasına əyləşməyə məcbur edirmiş kimi görüntü yaradır. Bununla yanaşı, Trampın təhdid xarakterli bəyanatlarını da dəfələrlə eşitmişik. Danışıqların uzanmasının əsas səbəblərindən biri tərəflərin irəli sürdüyü şərtlərin mürəkkəb və bir-birinə zidd olmasıdır. 

ABŞ və İran danışıqlarda iştirak etsələr də, ilk gündən etibarən elə şərtlər irəli sürüblər ki, qarşı tərəf onları qəbul etmir. Görünən odur ki, tərəflər kompromisə getmək niyyətində deyillər. Məsələn, İran nüvə proqramı ilə bağlı güzəştə getmək istəmir. Eyni zamanda, Hörmüz boğazı məsələsində də geri addım atmaq niyyəti yoxdur. ABŞ isə bu boğazla bağlı beynəlxalq ictimaiyyət qarşısında müəyyən öhdəliklər götürür”.

Lakin onun sözlərinə görə, həmin vədlərin reallaşması üçün İranla razılıq əldə edilməlidir:

“Əks halda, bu vəziyyət ABŞ-nin dünyadakı nüfuzuna mənfi təsir göstərir. Həmçinin, danışıqlar prosesində İsrailin birbaşa iştirak etməməsi onun mümkün razılaşmaların tərəfi olmadığını göstərir. Ötən il baş vermiş 12 günlük müharibə və bu ilin fevralında bombardmanların yenidən başlanması göstərdi ki, müəyyən hərbi planlar İran rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin yerinin müəyyənləşdirilməsi ilə əlaqələndirilir. 

Hazırda da İran rejiminə zərbə vurmaq məqsədilə Müctəba Xameneinin yerinin müəyyənləşdirilməsinə çalışıldığı iddia olunur. Onun yerinin müəyyən ediləcəyi təqdirdə zərərsizləşdirilməsinin hədəfləndiyi barədə ehtimallar səslənir. Bu da vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biridir”.

Siyasi şərhçi qeyd edib ki, hazırda Müctəba Xameneinin yaralı və ya sağ olması ilə bağlı dəqiq məlumat yoxdur:

“Baxmayaraq ki, İran rəhbərliyi onun sağ-salamat olduğunu və ölkənin idarə olunmasında mühüm rol oynadığını bildirir. Hətta Prezident Məsud Pezeşkian onunla əlaqədə olduğunu qeyd edib. Rusiya Prezidenti ilə də təmasda olduğu barədə iddialar səsləndirilir. İran cəmiyyəti, hakimiyyət nümayəndələri, hərbi dairələr və ümumilikdə ölkədə güc sahibi olan qüvvələr onun ətrafında birləşiblər. 

Bu isə rejimə hələlik ciddi zərbə vurulmadığı görüntüsünü yaradır və ABŞ ilə İsraili ciddi şəkildə narahat edir. Hesab edirəm ki, mürəkkəb proses hələ uzun müddət davam edəcək. Əsas məsələlər üzrə razılıq əldə olunmadığı, tərəflər vaxtaşırı bir-birini təhdid etməyə davam etdiyi müddətdə vəziyyətin dəyişəcəyi inandırıcı görünmür”.

Günel Cəlilova

0