“Son baş verən proseslərə baxdıqda, ABŞ-nin İrana qarşı daha sərt hərbi addımlar atması ehtimalı yüksəkdir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, bu, genişmiqyaslı müharibə mütləq başlayacaq demək qədər əsaslı deyil:
“ABŞ-nin hərbi strategiyası son onilliklərdə kifayət qədər dəyişib. Çünki Vaşinqton artıq İraq və Əfqanıstandakı kimi uzunmüddətli quru işğallarına meyilli deyil, pul xərcləmək istəmir.
Düzdür, bu, Amerika kimi dövlət üçün böyük problem deyil, amma bunun əvəzinə yüksək dəqiqlikli hava zərbələri, raket hücumları, pilotsuz uçuş aparatları, xüsusi təyinatlı əməliyyatlar və İranın regional müttəfiqlərinə qarşı təzyiqdən istifadə etmək daha əlverişlidir. Həmçinin, bu yanaşma daha az siyasi və iqtisadi xərc tələb edir”.
Ekspert ABŞ-nin Dünya Çempionatında sonra İrana qarşı daha sərt addımlar ata biləcəyi iddialarına da münasibət bildirib:
“Məncə, Dünya Çempionatından sonra ABŞ-nin daha sərt addımlar atacağı ilə bağlı deyilənlərin daha çox siyasi təhlil xarakteri daşıdığını düşünürəm. Böyük beynəlxalq tədbirlər zamanı dövlətlər bəzən genişmiqyaslı eskalasiyadan yayınırlar ki, qlobal informasiya fonu tamamilə müharibə ilə əvəz olunmasın.
Amma bu, hüquqi və ya dəyişməz strateji qayda deyil. Turnirin başa çatması ABŞ-nin hərəkət azadlığını müəyyən qədər artırsa da, bunun avtomatik olaraq böyük müharibənin başlayacağı demək olduğunu zənn etmirəm”.
Tamilla Qulaminin sözlərinə görə, ən vacib məsələ İranın mümkün cavabıdır:
“Əgər Tehran ABŞ bazalarına, Hörmüz boğazına və ya regiondakı müttəfiqlərinə geniş cavab versə və hadisələr nəzarətdən çıxsa, əlbəttə ki, Vaşinqton bunun üstündən keçməyəcək. Əgər cavab məhdud olarsa, ABŞ də əməliyyatları müəyyən həddə saxlayacaq.
Hazırkı mərhələdə ən real ssenari tammiqyaslı ABŞ - İran müharibəsi deyil, əksinə, mərhələli eskalasiyadır. Daha intensiv hava zərbələri, İranın hərbi infrastrukturuna və raket obyektlərinə hücumlar, kiber əməliyyatlar və regionda proksi qüvvələr arasındakı toqquşmalar gözlənilə bilər.
Birsözlə, hal-hazırda risk yüksəkdir, ancaq ABŞ üçün əsas məqsəd İranı işğal etmək yox, onun hərbi imkanlarını zəiflətmək və strateji çəkindirmə yaratmaq, daxili gücü birləşdirib, SEPAH-ın üzərinə salmaqdır. Zənnimcə, buna görə də yaxın perspektivdə məhdud, amma çox sərt hərbi kampaniya ehtimalı klassik genişmiqyaslı müharibə ehtimalından daha yüksəkdir”.
Elmir Mustafa



