Yaxın Şərqdə yeni cəbhə açıla bilər - İsrail hansı qərarı verəcək?

DÜNYA
15:00 / 21.07.2026
118

Yaxın Şərqdə gərginlik artıq təkcə iki ölkə arasındakı qarşıdurma deyil, böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb bir ssenariyə çevrilir. 

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmanın növbəti mərhələsi isə əsas sualı gündəmə gətirir. İsrail bu dəfə prosesə kənardan müşahidəçi kimi yanaşacaq, yoxsa yeni əməliyyatlarla bölgədəki qüvvələr nisbətini dəyişməyə çalışacaq? Nəzərə almaq lazımdır ki, İsrailin atacağı hər bir addım yalnız İranla münasibətlərə deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik xəritəsinə təsir edə bilər.

Maraqlıdır, İsrail ABŞ - İran müharibəsinə yenidən qoşula bilərmi?

Siyasi şərhçi Müşfiq Abdulla Hit.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında getdikcə güclənən müharibə regionun digər ölkələrini də əhatə etməkdədir: 

"Bu baxımdan, İsrailin də münaqişəyə qoşulacağını qaçılmaz hesab edirəm. Son günlər İsrail hökuməti və Müdafiə Qüvvələri Ben Qruion hava limanını döyüş vəziyyətinə hazırlaması bunu bir daha sübut edir. Belə ki, rəsmi Təl-Əviv İranla müharibə başlayacağı təqdirdə, Ben Qruion hava limanının fəaliyyətini dayandırmaması planı üzərində işləyir. Sadəcə olaraq, əsas sual İsrail və İran arasında növbəti hərbi qarşıdurmanın nə vaxt başlayacağı ilə bağlıdır. 

Əgər İran tərəfi yaxın günlərdə İsrailə raket zərbələri endirərsə, Benyamin Netanyahu hökuməti hər an hücuma başlaya bilər. Lakin İsrailin müharibəyə qoşulmaq ehtimalının iyul ayının sonuna qalması ehtimalı çoxdur. Çünki İsrailin Baş naziri senator Lindsi Qrahamın dəfnində iştirak etmək üçün iyulun 28-də Vaşinqtona səfər edəcək. Onun ABŞ Prezidenti Donald Trampla İran məsələsini müzakirə edəcəyi gözlənilir. Netanyahu ABŞ-dən qayıtdıqdan dərhal sonra İsrailin müharibəyə başlaması daha çoxdur".

405207

Həmsöhbətimizin dediyinə görə, hərbi əməliyyatlara başlamasını qaçılmaz edən ikinci ehtimal müharibənin daha geniş coğrafiyaya yayılması ilə bağlıdır: 

"İran tərəfi ABŞ-nin hərbi əməliyyatları dayandırmayacağı təqdirdə, müdafiə mövqeyindən hücuma keçəcəyi ilə hədələyir. Əslində, İranın Küveyt, Bəhreyn, İraq, İordaniya ərazilərinə zərbə endirməsi hazırda hücum mövqeyində olduğunu təsdiq edir. Ona görə də rəsmi Tehran “hücum” dedikdə İsraili nəzərdə tutur. Yəni İran rejimi ABŞ-ni bombardmanları dayandırmasa, İsraili vuracağı ilə təhdid edir. Bu da İsrail və İran arasında yeni eskalasiyanın olacağından xəbər verir. Müharibəni zəruri edən üçüncü mühüm amil isə İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır".

Ekspert qeyd edib ki, son rəy sorğuları Benyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyasının reytinqinin kəskin aşağı düşdüyünü göstərir:

"Bu gün seçkilər keçirilsə, Knessetdəki yerlərin 62 faizini müxalifət qazana bilər. Ona görə də hesab edirəm ki, Netanyahu reytinqini artırmaq üçün müharibəyə başlayacaq. Əgər o, hakimiyyətdə qalarsa, İranla müharibə vəziyyəti davam edəcək. Eləcə də, sabiq baş qərargah rəisi Qadi Eyzenqotun rəhbərlik etdiyi “Birbaşa” partiyasının seçkilərdə qalib gəlmək şansı yüksəkdir. Əgər Eyzenqot Baş nazir seçilsə, hərbi elitanın nümayəndəsi kimi İrana qarşı müharibə siyasətini davam etdirəcək. Bu baxımdan, perspektivdə İsrail-İran münaqişəsinin baş verəcəyini düşünürəm".

Günel Cəlilova

0