Təbrizin ətraf mühit fəalları Təbriz Bələdiyyəsi və Radio və Televiziya Təşkilatının əməkdaşlığı ilə “Hər insan bir ağac” devizi altında ağacəkmə kampaniyası başladıblar.
Təbriz bələdiyyəsi ağacəkmə kampaniyasının Təbrizin yaşıllıq sahələrini genişləndirmək istiqamətində vətəndaşları əməkdaşlığa cəlb etmək məqsədi ilə keçirildiyini bildirib.
Dövlət agentliyi IRNA-ya istinadən, “Təbrizdə adambaşına düşən yaşıllıq sahəsi həm qlobal standartlar, həm də İranın digər böyük şəhərləri ilə müqayisədə daha azdır.”
Keçən iki il ərzində Qaradağ bölgəsi başda olmaqla Şərqi Azərbaycan vilayətinin müxtəlif bölgələrində meşə ağaclarının kəsilməsi davamlı olaraq ətraf mühit fəalları və mətbuatın gündəmində olub.
Son vaxtlar Şərqi Azərbaycan vilayətində meşə ağaclarının kəsilməsi və zavodların zərərli tullantıları ilə bağlı reportajlar hazırlayan bəzi jurnalistlərin hədələnmə və fiziki hücumlara məruz qaldığına dair xəbərlər yayılıb.