İngiltərənin Qlosterşir qraflığında yerləşən Biburi kəndi həddindən artıq turist axını səbəbindən ciddi problemlərlə üzləşib. Kəndin məşhur Arlinqton Rou küçəsində yaşayan bəzi sakinlər turistlərin davranışlarından narazı qalaraq evlərini tərk etmək məcburiyyətində qalıblar.
HİT.az xəbər verir ki, bu barədə “The Independent” yazıb. Kənd xüsusilə XVII əsrə aid toxucu evləri ilə məşhurdur və hər il on minlərlə turistin diqqətini çəkir. Arlinqton Roudakı tarixi kotteclər “Bridget Jones's Diary” və “Stardust” filmlərində də nümayiş etdirilib, həmçinin Britaniya pasportunun daxili üz qabığında yer alıb.
Brayan və Cil Skarda cütlüyü 14 ildən çox kənddə yaşadıqdan sonra turistlərin yaratdığı narahatlıq səbəbindən ərazidən köçüb. Brayan bildirib ki, pandemiyadan sonra ziyarətçilərin davranışı daha da pisləşib. Onun sözlərinə görə, turistlər evlərin qapılarını döyür, pəncərələrdən içəri baxır, küçədə şəkil çəkdirir və bəzən sakinlərin evdən çıxmasına və avtomobillə hərəkət etməsinə belə mane olurlar.
“Bu gözəl kənddir və təəssüf ki, onu görməyə gələn insanlar tərəfindən məhv edilir”, - deyə Brayan bildirib.
Biburi kəndinin populyarlığı xüsusilə pandemiyadan sonra artıb. Məlumata görə, bəzi həftəsonlarında kəndə 20 minə qədər turist gəlir. Onların bir qismi Kotsvolds bölgəsinə təşkil olunan avtobus turlarının tərkibində kəndi ziyarət edir.
Kənd rəhbərliyi turist axınının mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər də planlaşdırır. Bunlardan biri Koln çayının sahilində hasarların quraşdırılmasıdır. Məqsəd turistlərin çaya daxil olmasının qarşısını almaq və yerli təbiətin qorunmasına nail olmaqdır.
Biburi XIX əsrdə məşhur ingilis yazıçısı Uilyam Morris tərəfindən “İngiltərənin ən gözəl kəndi” adlandırılıb. Arlinqton Roudakı tarixi kotteclər isə 1380-ci ildə yun anbarı kimi inşa edilib, təxminən üç əsr sonra toxucular üçün yaşayış evlərinə çevrilib.
Samir


