150 ildən sonra nadir zəhərli ilan yenidən tapıldı

DÜNYA
22:14 / 08.10.2026
63

Hindistanda 150 ildən çoxdur müşahidə olunmayan nadir zəhərli ilan növü yenidən qeydə alınıb.

HİT.az xəbər verir ki, hadisə Qucarat ştatında baş verib. Meşəçilər ərazidə patrul xidməti həyata keçirərkən yolda başqa bir ilanı təhlükəsiz yerə köçürmək istəyiblər. Bu zaman yaxınlıqda daha bir sürünən aşkarlanıb və onun Psammophis schokari – zerig adlı qum ilanı olduğu müəyyənləşdirilib.

Mütəxəssislər ilanı çəkilmiş foto və videolar əsasında identifikasiya ediblər. Bununla da növün Qucaratda hələ də yaşadığına dair 1872-ci ildən sonra ilk təsdiqlənmiş müşahidə ortaya çıxıb. Həmin il bu ilanı Hindistanın təbiətini araşdıran çex zooloq Ferdinand Stoliçka qeydə almışdı.

Zerig əsasən Şimali Afrikadan Yaxın Şərq və Ərəbistan yarımadası vasitəsilə Cənubi Asiyanın bəzi bölgələrinə qədər uzanan ərazilərdə yayılıb. Növə Pakistan və Əfqanıstanda da rast gəlinir.

Alimlərin fikrincə, zerig dünyanın ən sürətli ilanlarından biri hesab olunur və yüksək temperatur şəraitində yaşamağa uyğunlaşıb. Sürətli hərəkəti ona əsasən kərtənkələlərdən ibarət ovunu tutmağa, eyni zamanda qızmar qumla təmasını minimuma endirməyə imkan verir.

İlanın zəhəri nisbətən zəif olsa da, növ zəhərli hesab edilir. İncə bədəni istiliyi daha yaxşı yaymağa, orqanizmi isə məhdud su şəraitində yaşamağa imkan verir.

Yeni müşahidədən sonra alimlər Qucaratdakı zerig populyasiyasının sayını və vəziyyətini müəyyənləşdirmək üçün əlavə araşdırmalar aparmağı planlaşdırırlar.

Samir
 

0