İtaliyanın Sardiniya adasında yerləşən Bolotana kəndində uzunömürlülüklə bağlı olduqca diqqətçəkən göstəricilər müəyyən edilib. Alimlər hesab edirlər ki, yaşayış məntəqəsi gələcəkdə yeni “mavi zona” kimi tanına bilər.
HİT.az xəbər verir ki, İllinoys Çikaqo Universitetinin alimləri tərəfindən aparılan araşdırmada Bolotananın təxminən 2300 sakininin demoqrafik məlumatları təhlil edilib. Bundan əlavə, 1900-1925-ci illərdə kənddə doğulan insanların həyat tarixçələri araşdırılıb. Bu qrupda 100 və daha çox yaşa çatan ən azı 38 uzunömürlü müəyyən edilib.
Xüsusilə qadınların göstəriciləri diqqət çəkib. 70 yaşına çatan qadınların təxminən 14 faizi 100 yaşa qədər yaşaya bilir. İtaliyada bu göstərici təxminən 3,5, ABŞ-da isə 3,6 faizdir. Bolotanada 70 yaşlı qadınların gözlənilən ömür uzunluğu isə təxminən 91 il təşkil edir.
Alimlərin fikrincə, bu nəticələrin arxasında bir neçə amil dayana bilər. Yerli sakinlərin qidalanması, gündəlik fiziki aktivliyi, genetik xüsusiyyətləri və güclü sosial əlaqələri əsas mümkün səbəblər arasında göstərilir.
Bolotana dağlıq ərazidə yerləşdiyindən kəndin dik küçələrində gündəlik hərəkət əsasən piyada həyata keçirilir. Yerli sakinlərin bir çox qida məhsulunu özlərinin yetişdirməsi də diqqət çəkir. Xüsusilə faydalı yağlarla zəngin zeytun yağı yerli qidalanmanın mühüm hissəsidir.
Mütəxəssislər sosial münasibətlərin də uzunömürlülükdə rol oynaya biləcəyini düşünürlər. Kənddə ailələrin bir-birinə yaxın yaşaması və insanların bir-birinə dəstək olması sosial təcrid riskini azaldır.
Tədqiqatın müəlliflərindən doktor Olşanski bildirib ki, Bolotananı fərqləndirən əsas xüsusiyyətlərdən biri kəndin sakinlərinin doğum və ölüm tarixləri ilə bağlı dəqiq məlumatların mövcudluğudur. Alimlərin fikrincə, bu icmanın uzunömürlülüyünün əsas xüsusiyyətləri müəyyən edilərsə, əldə olunan nəticələr digər cəmiyyətlər üçün də faydalı ola bilər.
“Mavi zona” anlayışı da məhz Sardiniyanın uzunömürlü sakinlərinin araşdırılması ilə məşhurlaşıb. 2004-cü ildə alimlər 100 yaşa çatan insanların sayının xüsusilə yüksək olduğu yaşayış məntəqələrini xəritədə mavi rənglə işarələyiblər. Daha sonra Yaponiyanın Okinava adası və Kosta-Rikanın Nikoya yarımadası da dünyanın tanınmış “mavi zonaları” sırasına daxil edilib.
Samir


