Rusiyanın canlı qüvvə ehtiyatı tükənir: Polkovnik Kremlinin zəif nöqtəsini açıqladı

DÜNYA
18:00 / 08.10.2026
46

Rusiyanın Ukraynada cəbhədə ciddi nəticə əldə etməkdə çətinlik çəkdiyi və insan resurslarının tükənməyə başladığı iddia olunur. 

HİT.az xəbər verir ki, britaniyalı istefada olan polkovnik Hamiş de Breqton-Qordonun “The Telegraph” üçün yazdığı məqalədə bildirilib ki, Kreml qış aylarında hərbi uğursuzluqları kompensasiya etmək üçün Ukraynanın mülki əhalisinə qarşı hücumları gücləndirə bilər.

Ekspertin fikrincə, Rusiya ordusunun Donbasda, xüsusilə Pokrovsk və Liman istiqamətlərində irəliləyişi ciddi problemlərlə üzləşir. Eyni zamanda, itkilərin artması və müqaviləli hərbçilərin cəlb edilməsinin çətinləşməsi Moskvanın canlı qüvvə problemini dərinləşdirir. Onun sözlərinə görə, yeni genişmiqyaslı səfərbərlik Kreml üçün siyasi baxımdan riskli olduğundan, Vladimir Putin alternativ olaraq Ukraynanın mülki infrastrukturuna təzyiqi artıra bilər.

Breqton-Qordon hesab edir ki, Moskvanın əsas məqsədi Ukrayna cəmiyyətinin müqavimət iradəsini qırmaqdır. O, Rusiyanın Suriyada tətbiq etdiyi taktikanı xatırladaraq, yaşayış məntəqələri, xəstəxanalar və digər mülki obyektlərə zərbələrin əhalini müharibədən bezdirməyə hesablandığını bildirib. Ekspertə görə, Kiyev və digər şəhərlərin enerji və nəqliyyat infrastrukturunun hədəfə alınması da bu strategiyanın bir hissəsi ola bilər.

Məqalədə Ukraynanın hava hücumundan müdafiə imkanlarının da ciddi təzyiq altında olduğu vurğulanır. Xüsusilə “Patriot” kimi yüksək səviyyəli raketlərin çatışmazlığının Moskva üçün yeni imkanlar yaratdığı bildirilir. Bu səbəbdən Qərbin Ukraynaya hava hücumundan müdafiə raketləri, radarlar, pilotsuz uçuş aparatları və radioelektron mübarizə sistemlərinin tədarükünü artırmasının vacibliyi qeyd olunur.

Britaniyalı ekspert həmçinin NATO ölkələrinin ən ağır ssenarilərdə Ukraynanın mülki əhalisinin və kritik infrastrukturunun müdafiəsinə daha fəal şəkildə cəlb olunması imkanının müzakirə edilməli olduğunu düşünür. O, bunun mütləq ənənəvi “uçuşa qadağan zona” yaradılması anlamına gəlmədiyini, lakin müəyyən ərazilərin qorunması üçün NATO aviasiyasının imkanlarının nəzərdən keçirilə biləcəyini yazıb.

Breqton-Qordonun qənaətinə görə, hazırkı müharibədə əsas məsələ yalnız cəbhədəki ayrı-ayrı şəhərlər uğrunda mübarizə deyil. Əsas sınaq Ukraynanın və ona dəstək verən Qərb ölkələrinin uzunmüddətli müqavimət göstərə bilib-bilməyəcəyidir.

Samir

0