Baltik dənizi sahilləri bu payız Avropadan gələn turistlərin diqqət mərkəzinə çevrilib. Xüsusilə Polşanın Qərbi Pomeraniya bölgəsindəki kurortlara maraq artıb. Daha münasib qiymətlər, sakitlik və əlverişli hava şəraiti turistlərin payızda dənizkənarı istirahətə üstünlük verməsinə səbəb olur.
HİT.az ki, yerli turizm sektoru bu ilin payızını son on ilin ən uğurlu mövsümlərindən biri kimi qiymətləndirir. Ştetsindəki Şimali Ticarət və Sənaye Palatasının rəhbəri Hanna Moysyukun sözlərinə görə, əlverişli hava və otellərin xüsusi qiymət təklifləri turist axınının artmasına ciddi təsir göstərib.
Qərbi Pomeraniyada sentyabrın uğurlu keçdiyi, oktyabrın ilk günlərində isə temperaturun təxminən 20 dərəcə ətrafında olduğu bildirilir. Mütəxəssislər qeyd edirlər ki, payızda turistlər əsasən dənizdə üzməkdən çox sahildə gəzməyə, restoranlara getməyə və sakit istirahətə üstünlük verirlər.
Bölgədə ən populyar məkan isə Svinouysçe olaraq qalır. Bununla yanaşı, Miedzyzdroje, Reval, Pobyerovo, Pustkovo, Volin və Kamyen-Pomorski kimi yaşayış məntəqələrinə də maraq artır. Polşa ilə yanaşı, Almaniya və Çexiyadan gələn turistlərin sayının da çoxaldığı qeyd olunur.
Turizm nümayəndələri Baltik sahillərinin artıq yalnız yay mövsümündə deyil, ilboyu istirahət məkanı kimi formalaşdığını bildirirlər. Otellər Yeni il, Milad və hətta qışda dənizdə çimmə kimi fəaliyyətləri əhatə edən xüsusi paketlər hazırlayır.
Mütəxəssislərin fikrincə, münasib qiymətlər, daha az izdiham və yaxşı hava şəraiti Baltik sahillərini payız aylarında Avropanın diqqətçəkən turizm istiqamətlərindən birinə çevirib.
Samir


