ABŞ və Rusiya "Şimal axını" ilə qaz satışını müzakirə edir

DÜNYA
13:00 / 08.10.2026
62

ABŞ və Rusiya arasında Avropaya, xüsusilə Almaniyaya Rusiya qazının “Şimal axını” kəmərləri vasitəsilə yenidən nəqlinin mümkünlüyü müzakirə olunur.

HİT.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu istiqamətdə danışıqlarda Rusiya Prezidentinin müşaviri Kirill Dmitriyev və ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner iştirak edib. Mənbələr onların son həftələrdə Moskva və Nyu-Yorkda görüşdüyünü bildiriblər.

Müzakirələrin əsas mövzularından birinin “Şimal axını” qaz kəmərlərinə amerikalı investorun cəlb edilməsi olduğu qeyd edilir. Kuşnerin yanaşmasına görə, biznes əlaqələrinin bərpası Rusiya-Ukrayna müharibəsindən sonra sülhün təmin olunması prosesinin mühüm elementlərindən biri ola bilər. Belə bir razılaşma ABŞ şirkətlərinə Avropaya enerji tədarükündən gəlir əldə etmək imkanı da yarada bilər.

Bununla belə, ABŞ tərəfi “Şimal axını” ilə bağlı son vaxtlar hər hansı konkret müzakirənin aparılmadığını açıqlayıb. Ağ Evdən bildirilib ki, Rusiya ilə bağlanacaq istənilən razılaşma ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və Maliyyə Nazirliyi ilə razılaşdırılmalı, həmçinin amerikalı vergi ödəyicilərinə və şirkətlərinə fayda gətirməlidir.

Hazırda “Şimal axını” layihələri ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır. Almaniya hökuməti də Rusiya qazının və kəmərlərin sanksiyalarda olduğunu, ölkənin alternativ enerji mənbələri tapdığını açıqlayıb. Berlinin mövqeyinə görə, kəmərlərin fəaliyyətinin bərpası üçün hökumətin razılığı tələb olunur və hazırkı şəraitdə buna maraq yoxdur.

Reuters qeyd edir ki, mümkün enerji razılaşması Avropada ciddi narahatlıq yarada bilər. Almaniyada bəzi siyasətçilər belə bir sövdələşmənin müharibə davam etdiyi müddətdə Rusiyanın iqtisadi mövqelərini gücləndirəcəyini düşünür. Eyni zamanda, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Rusiya qazının Almaniyaya qaytarılmasını dəstəkləyir.

Məlumata görə, Dmitriyevin gələn ilin əvvəlində AfD rəhbərliyi ilə görüşərək Rusiya qazının Avropaya yenidən satışını müzakirə etməsi də gözlənilir.

ABŞ və Rusiya rəsmilərinin müzakirə etdiyi digər məsələ isə Rusiyanın “Lukoyl” şirkətinin Avropadakı aktivlərinin mümkün satışıdır. Söhbət neft emalı zavodları və yanacaqdoldurma məntəqələrindən gedir. Mənbələrə əsasən, bu aktivləri ABŞ-ın DFC qurumu ilə yanaşı, Qətər və BƏƏ investorlarından ibarət konsorsiumun alması, bunun müqabilində isə bəzi sanksiyaların aradan qaldırılması nəzərdən keçirilir.

Samir
 

0