Litva Rusiyanın taxılının ölkə ərazisindən tranzit yolu ilə ixracı ilə bağlı araşdırmalara başlayıb və belə daşımaların qarşısının alınması üçün tədbirlər görəcək.
HİT.az xəbər verir ki, Litvanın Baş naziri Mindauqas Sinkyaviçyus ölkənin aidiyyəti qurumlarına taxılın mənşəyinə nəzarətin gücləndirilməsi barədə tapşırıq verib. O bildirib ki, Rusiya Avropa ölkələrinin, o cümlədən Baltikyanı dövlətlərin liman və infrastrukturundan öz taxılını dünya bazarlarına çıxarmaq üçün istifadə edir.
Baş nazir bu vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb və Baltikyanı ölkələrin belə tranzitin dayandırılması üçün tədbirlər gördüyünü qeyd edib. Onun sözlərinə görə, məsələ Latviya hökuməti ilə də dəfələrlə müzakirə olunub.
Sinkyaviçyus həmçinin Avropa İttifaqı səviyyəsində qərarlar qəbul edilməsinin vacibliyini bildirib. O, Rusiyanın taxıl tranzitinin qadağan edilməsini, eləcə də müharibəni dəstəkləyən və Rusiyanın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən bəzi oliqarxların sanksiya siyahısına daxil edilməsini təklif edib.
Litva hüquq-mühafizə orqanları taxıl ixracı ilə məşğul olan şirkətlərin əlaqələrini araşdırır, onların mövcud sanksiyaları pozub-pozmadığını və müharibəni dəstəkləyən rusiyalı oliqarxlarla əməkdaşlıq edib-etmədiyini yoxlayır. Həmçinin Ukraynadan oğurlanmış və ya digər məhsullarla qarışdırılmış taxılın Litva ərazisindən keçirilməsinin qarşısının alınması üçün nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Məsələ Rusiyanın taxılının Litva ərazisindən, xüsusilə Klaypeda limanı üzərindən ixracı ilə bağlı iddialardan sonra gündəmə gəlib. Məlumatlara görə, bu daşımaların bir hissəsini Litvada qeydiyyatdan keçmiş Dognus şirkəti həyata keçirir. Sinkyaviçyus isə bildirib ki, Litva Rusiyanın hərbi maşınının öz infrastrukturundan istifadə etməklə gəlir əldə etməsinə imkan verməyəcək.
Samir


