Avropa Parlamentinin binasının girişində nümayiş etdirilən ABŞ prezidenti Donald Trampın çılpaq heykəli Avropa İttifaqının tənəzzül əlamətidir.
HİT.az xəbər verir ki, bu fikri Slovakiyanın baş naziri Robert Fiko "X" sosial şəbəkəsində bildirib.
Siyasətçi ABŞ liderinin siyasətinin heç də bütün istiqamətləri ilə razılaşmadığını vurğulayıb. Bununla belə, o, dialoq və qarşılıqlı hörmətin zəruri olduğu bir dövrdə Aİ tərəfdaşlarının təhqir edilməsini pisləyib.
Fikonun fikrincə, Avropa Parlamentinin rəhbərliyi “mənəvi cəhətdən müflis olmuş şəxslərin, avantüristlərin və dəlilərin” hərəkətləri ilə fərqli fikir bildirmək üçün qanuni hüquq arasındakı fərqi artıq görə bilmir.
Oktyabrın 7-də Almaniyanın "Der Spiegel" jurnalı Avropa Parlamentinin binasının girişində çılpaq Tramp heykəlinin peyda olduğunu yazıb. 23 əyarlı qızıldan hazırlanmış heykəldə ABŞ prezidentinin çılpaq halda bir kişinin çiyinlərində oturduğu təsvir olunub. Trampın əlində uzunsov qolf çubuğu var. Postamentlə birlikdə heykəlin hündürlüyü təxminən 2,5 metrdir.
Bildirilir ki, heykəl cümə axşamınadək Avropa Parlamentinin qarşısında qalacaq. "Der Spiegel" qeyd edir ki, bu müddət Trampın Avropaya səfəri zamanı heykəli görməməsi, lakin sərgi barədə xəbər tutması üçün kifayətdir.
Tramp heykəlin nümayiş etdirilməsi ilə bağlı şərh verməyib. Bununla belə, bəzi avropalı siyasətçilərin artıq onun mümkün reaksiyasını – tariflərin artırılması, qoşunların çıxarılması və hətta NATO-dan ayrılmaqla bağlı qərarları – eşitdiyi ehtimal olunur.
Samir


