Rusiyanın təyyarə parkında böhran: Moskva Vyetnamdan təyyarə istəyir

DÜNYA
19:19 / 08.10.2026
63

Rusiyanın sərnişin təyyarələri parkında yaranan problemlər fonunda Moskva Vyetnamdan təyyarələri ekipaj və texniki xidmətlə birlikdə icarəyə götürməyi təklif edib.

HİT.az xəbər verir ki, Euronews-un məlumatına görə, Rusiyanın 11 iri aviaşirkətinin istismar etdiyi 673 təyyarədən 130-u, yəni təxminən 20 faizi hazırda uçuş həyata keçirmir. Bu göstərici normal hesab edilən 10 faizlik səviyyədən iki dəfə çoxdur.

“Aeroflot” qrupuna daxil olmayan şirkətlərdə vəziyyət daha ağırdır. Belə ki, onların 322 təyyarəsindən 93-ü, yaxud təxminən üçdə biri istifadəsiz vəziyyətdədir.

Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Vyetnam aviaşirkətlərinə təyyarələri ekipaj, texniki xidmət və sığorta ilə birlikdə “wet-lease” modeli əsasında Rusiyaya vermək təklif olunub. Vyetnam tərəfinin bu təklifi araşdırdığı açıqlanıb.

Lakin Vyetnamın əsas aviaşirkəti yalnız “Airbus” və “Boeing” təyyarələrindən istifadə edir. Bu isə Rusiyaya veriləcək təyyarələrin Qərb istehsalı olacağı və belə bir razılaşmanın Vyetnam şirkətlərini ikinci dərəcəli sanksiyalarla üzləşdirə biləcəyi anlamına gəlir.

Məlumata görə, Rusiyanın Qərb istehsalı təyyarə parkının vəziyyəti 2022-ci ildən sonra daha da pisləşib. Moskva xarici lizinq şirkətlərindən götürülmüş 400-dən çox təyyarəni ölkə daxilində yenidən qeydiyyatdan keçirib və onların bir hissəsini ehtiyat hissələri əldə etmək üçün sökməyə başlayıb.

Eyni zamanda, Rusiyada təyyarə yanacağının tədarükü ilə bağlı da çətinliklər yaranıb. Ölkənin ən azı 26 böyük hava limanında yanacaqla bağlı məhdudiyyətlərin tətbiq edildiyi, bəzi hava limanlarında təyyarələrə yalnız bir uçuş üçün kifayət edəcək həcmdə yanacaq verildiyi bildirilir.

Samir

0