"Politico": ABŞ-da yaşayan 100 mindən çox ukraynalının deportasiya riski var

DÜNYA
18:59 / 08.10.2026
56

ABŞ administrasiyası müharibədən qaçaraq ölkəyə sığınan 100 mindən çox ukraynalının müvəqqəti qorunan statusunun (TPS) taleyi ilə bağlı qərar verməlidir.

HİT.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Donald Tramp administrasiyasının bununla bağlı qərar üçün son tarixi oktyabrın 19-dur. Konqresdəki bəzi qanunvericilər statusun tam şəkildə uzadılmasına çağırsa da, administrasiyanın müdafiəni ləğv edə biləcəyindən narahatlıq var.

Nəşrin məlumatına görə, alternativ variant kimi administrasiyanın TPS-in uzadılması və ya ləğvi barədə qərar verməməsi də müzakirə olunur. Bu halda ukraynalılar avtomatik olaraq daha 6 ay qorunma əldə edə bilər, lakin onların gələcək hüquqi statusu qeyri-müəyyən olaraq qala bilər.

ABŞ-da oxşar yanaşma daha əvvəl Salvador vətəndaşlarına münasibətdə tətbiq edilib. Onların müvəqqəti müdafiəsi başa çatdıqdan sonra Ağ Ev statusu daha 6 ay avtomatik uzadıb.

Məsələ ilə bağlı Konqresdə fikir ayrılığı da var. Bəzi respublikaçılar TPS proqramlarının dayandırılmasını istəyir və bu statusların uzun müddət uzadılmasının amerikalıların iş imkanlarına təsir etdiyini düşünür. Digər respublikaçılar və demokratların böyük hissəsi isə ukraynalılar üçün müdafiənin davam etdirilməsini dəstəkləyir.

Sentyabrda hər iki partiyadan olan senatorlar ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullen və dövlət katibi Marko Rubionu ukraynalılar üçün TPS-in uzadılmasına çağırıblar. Qanunvericilər bildiriblər ki, bu statusa malik ukraynalılar nəqliyyat, səhiyyə və tikinti sahələrində çalışır və müdafiənin ləğvi həmin sektorlar üçün əlavə problemlər yarada bilər.

“Politico” yazır ki, ukraynalıların TPS statusunun gələcəyi ilə bağlı yekun qərar hələ verilməyib. Bununla yanaşı, Konqresdə ukraynalılar üçün müvəqqəti müdafiənin 2029-cu ilə qədər uzadılmasını nəzərdə tutan qanun layihəsi də dəstəklənir.

Samir
 

0