ABŞ-da ən nadir zınqırovlu ilanlardan biri ilk dəfə çoxaldıldı - 6 bala dünyaya gəldi

DÜNYA
23:34 / 09.10.2026
46

ABŞ-da nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan ən nadir zınqırovlu ilan növlərindən birinin əsirlik şəraitində ilk dəfə uğurla çoxaldılması mümkün olub. Los-Anceles Zooparkının mütəxəssisləri nəticədə altı bala əldə ediblər.

HİT.az xəbər verir ki, söhbət Crotalus willardi növündən – Yeni Meksika daraqburunlu zınqırovlu ilanından gedir. Bu növ ABŞ-da ən nadir zınqırovlu ilanlardan biri hesab olunur.

İlk beş bala avqustun 18-də, daha bir bala isə avqustun 28-də dünyaya gəlib. Bu, Project Obscurus beynəlxalq mühafizə proqramına daxil olan müəssisələr arasında həmin növün ilk uğurlu çoxaldılmasıdır.

Los-Anceles Zooparkının soyuqqanlı heyvanlar bölməsinin kuratoru Bayron Vusstinq bildirib ki, nəticə mütəxəssislərin dağlıq ərazilərdə yaşayan gürzəkimilər fəsiləsinə aid ilanlarla işləməkdə yüksək peşəkarlığını nümayiş etdirir. Onun sözlərinə görə, yeni balaların dünyaya gəlməsi sayları kəskin azalan növün qorunması üçün real ümid yaradıb.

Hazırda ilan balaları mütəxəssislərin ciddi nəzarəti altında xüsusi qapalı volyerlərdə saxlanılır. Onlar böyüyüb möhkəmləndikdən sonra gələcəkdə əldə olunacaq nəsillərlə birlikdə Arizona və ya Nyu-Meksiko ərazisində təbiətə buraxılmaları planlaşdırılır. Məqsəd vəhşi populyasiyaların genetik müxtəlifliyini gücləndirməkdir.

Bu ilan növünün maraqlı xüsusiyyətlərindən biri yumurta qoymaması, diri bala dünyaya gətirməsidir. Kiçik ölçülü, burnunun özünəməxsus quruluşu və utancaq davranışı ilə seçilən bu sürünənlər əsasən Arizona, Nyu-Meksiko və Meksikanın bəzi ərazilərində dəniz səviyyəsindən 1500-2500 metr yüksəklikdə yerləşən dağlıq ərazilərdə yaşayırlar.

Alimlər bildirirlər ki, zəhərli ilanları yalnız xarici görünüşünə görə müəyyənləşdirmək düzgün deyil. Buna görə də belə sürünənlərlə qarşılaşdıqda məsafə saxlamaq və onlara yaxınlaşmamaq tövsiyə olunur.

Samir

0