Akulaların suyun altında uzaq məsafədən gələn səsləri eşitməklə yanaşı, həmin səsin hansı istiqamətdən gəldiyini də müəyyən edə bildiyi üzə çıxıb.
HİT.az xəbər verir ki, alimlər bu qənaətə ABŞ-ın Florida ştatının cənub-şərq sahillərində yaşayan qaraüzgəcli akulalar üzərində aparılan araşdırma nəticəsində gəliblər.
Palm-Biç dairəsinin sahil sularında tədqiqatçılar axınla hərəkət edən xüsusi dinamikdən istifadə ediblər. Təcrübə zamanı akulaların aşağı tezlikli səsləri 74 metrədək məsafədən qəbul etdiyi müşahidə olunub. Daha sonra yırtıcılar istiqamətlərini dəyişərək səs mənbəyinə doğru reaksiya veriblər.
Araşdırmanın müəllifi Stiven Kadziuranın sözlərinə görə, bu nəticə akulaların səsin yaratdığı su hissəciklərinin hərəkətini kifayət qədər uzaq məsafədən hiss edə bildiyini göstərir. Onun sözlərinə görə, sərbəst üzən akulalarda belə bir qabiliyyət əvvəllər bu qədər aydın şəkildə nümayiş etdirilməyib.
Alimlər qeyd edirlər ki, akulaların səsi qəbul etməsi xüsusilə maraqlıdır. Çünki onlar bir çox sümük balıqlarından fərqli olaraq, səs təzyiqini hiss etməyə kömək edən qazla dolu üzmə kisəsinə malik deyillər. Ehtimal olunur ki, akulalar bunun üçün daxili qulaqlarında yerləşən və hərəkət ilə vibrasiyaları qəbul edən xüsusi strukturlardan istifadə edirlər.
Tədqiqatçılar bildirirlər ki, gələcək araşdırmalar akulaların səsləri necə qəbul edib şərh etdiyini daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər. Bunun üçün təcrübələrin təbii şəraitdə, okeanda sərbəst yaşayan akulalar üzərində aparılması planlaşdırılır.
Samir


