Dünyanın ən ağır böcək növü hesab edilən nəhəng wētāpunga Yeni Zelandiyada uzun illər davam edən qoruma proqramı sayəsində yenidən çoxalmağa başlayıb. Yetkin dişilərinin çəkisi bəzən siçanın çəkisinə çata bilən bu gecə canlılarının uzunluğu təxminən 10 santimetr, ayaqlarının açılımı isə 20 santimetrə qədər olur.
HİT.az xəbər verir ki, wētāpunga vaxtilə Yeni Zelandiyanın Şimal adasında geniş yayılmışdı. Lakin insanların bölgəyə gətirdiyi pişik, siçovul və gəlincik kimi yırtıcılar, eləcə də yaşayış mühitinin itirilməsi növün sayını kəskin azaldıb. 1990-cı illərə doğru onun materikdəki populyasiyası tamamilə yox olub və yalnız Hauraki körfəzindəki bir adada kiçik qrup qalıb.
Vəziyyəti dəyişdirmək məqsədilə 15 il ərzində xüsusi çoxaltma proqramı həyata keçirilib. Bu müddətdə alimlər tərəfindən təxminən 11 min wētāpunga yetişdirilərək Yeni Zelandiyanın 10 qorunan ərazisinə buraxılıb.
Monitorinqlər göstərib ki, bəzi ərazilərdə böcəklər artıq insan müdaxiləsi olmadan çoxalmağa davam edir və dördüncü nəsilə çatıb. Bunun nəticəsində növün qorunma statusu da dəyişdirilərək “milli səviyyədə təhlükə altında” kateqoriyasından “milli səviyyədə artımda” səviyyəsinə yüksəldilib.
Proqramın əsas mərhələlərindən biri 2008-ci ildə başlayıb. Təbiətdə qalan populyasiyadan altı yetkin wētāpunga götürülərək zoopark və xüsusi baxım mərkəzlərinə yerləşdirilib. Burada onların çoxalması üçün nəzarətli şərait yaradılıb, balalar təzə göyərti, yarpaq qalıqları və zülal ehtiyacını ödəmək üçün xüsusi yemlərlə bəslənib.
Tədqiqatlara əsasən, böcəklərin yerləşdirilməsi üçün yırtıcılardan azad edilmiş səkkiz ada və iki qorunan quru ərazi seçilib. Bu ərazilərə ümumilikdə 45 dəfə wētāpunga buraxılıb. Xüsusilə Motuora və Tiritiri Matangi adalarında nəticələr uğurlu olub və hər iki ərazidə ən azı dörd nəsildir təbii yolla yeni fərdlərin meydana gəldiyi müəyyən edilib.
Mütəxəssislər hesab edirlər ki, əldə olunan nəticələr təkcə wētāpunga üçün deyil, Yeni Zelandiyada nəsli təhlükə altında olan digər onurğasızların qorunması üçün də nümunə ola bilər.
Samir


