Bir vaxtlar dünyanın ən böyük pinqvin koloniyası hesab edilən qrupun sayı son 14 ildə təxminən üçdə iki azalıb. Alimlər bu kəskin geriləmənin əsas səbəblərindən birinin iqlim dəyişikliyi olduğunu düşünürlər.
HİT.az xəbər verir ki, Britaniya Antarktika Xidmətinin (BAS) araşdırmasına əsasən, Antarktidanın ucqar Zavodovski adasında yaşayan antarktika pinqvinlərinin sayı 2011-ci ildə təxminən 550 min olduğu halda, 2025-ci ildə 200 mindən bir qədər çox olub. Həmin dövrdə bu pinqvinlərin tutduğu yuvaların sayı da 63 faiz azalıb.
Tədqiqatın müəllifi, BAS ekoloqu professor Norman Retkliff vəziyyəti “nəhəng çöküş” kimi qiymətləndirib. Onun sözlərinə görə, alimlər adaya çatdıqda əvvəllər quşların yuvaladığı geniş ərazilərin boş qaldığını görüblər.
Mütəxəssislər azalmanın konkret bir hadisə ilə bağlı olmadığını, prosesin onilliklər ərzində tədricən davam etdiyini bildirirlər. Bununla belə, iqlimin sürətlə istiləşməsi vəziyyəti daha da pisləşdirib. Temperaturun yüksəlməsi nəticəsində pinqvinlərin əsas qida mənbəyi olan krill daha soyuq sulara doğru hərəkət edir.
Maraqlıdır ki, adada yaşayan qızılı tüklü pinqvinlərin sayı əksinə, artıb. Alimlər bunun onların daha müxtəlif qidalanma xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini düşünürlər. Professor Retkliff iki növün sayındakı bu fərqin Antarktidada eyni ərazidə müşahidə edilən ən böyük ekoloji dəyişikliklərdən biri olduğunu bildirib.
Tədqiqatçılar azalmanın digər mümkün səbəblərini, o cümlədən iki növ arasında yuvalama yerləri uğrunda rəqabəti, krillin sənaye üsulu ilə ovlanmasını və 2016-cı ildə adada baş vermiş vulkan püskürməsini də araşdırıblar. Lakin bu amillərin əsas səbəb olmadığı qənaətinə gəliblər.
Zavodovski adası Cənubi Sandviç adalarının tərkibində yerləşir və ən yaxın daimi insan məskənindən 2 min kilometrdən çox məsafədədir. Alimlər adaya dəniz yolu ilə 15 günə çatıb, koloniyanın vəziyyətini dronlar, hava çəkilişləri və pinqvinlərə yerləşdirilən izləmə cihazları vasitəsilə qiymətləndiriblər.
Mütəxəssislər əldə olunan nəticənin iqlim istiləşməsinin planetin ən ucqar və həssas ekosistemlərinə belə təsir etdiyini göstərən daha bir nümunə olduğunu vurğulayırlar.
Samir


