Dalğıc gölün dibində 1000 illik kanoe tapdı - Nadir tapıntının sirri

DÜNYA
11:36 / 09.10.2026
65

ABŞ-ın Viskonsin ştatında dalğıc gölün dibində təxminən 1000 il əvvələ aid kanoe aşkarlayıb.

HİT.az xəbər verir ki, Mark Şaxtner mayın 6-da Piyoki gölündə zibil təmizləmək məqsədilə keçirilən könüllü sualtı fəaliyyət zamanı taxta qayıqla qarşılaşıb. O, tapıntının adi ağac parçası olmadığını anlayaraq onun yerini qeydə alıb və sualtı arxeoloq Tamara Tomsenlə əlaqə saxlayıb.

Beş gün sonra mütəxəssislər əraziyə qayıdaraq kanoenin ölçülərini müəyyənləşdirib, foto və video çəkilişlər aparıb, həmçinin ağacdan kiçik nümunə götürüblər. Araşdırmalar zamanı kanoenin ağ palıd ağacından hazırlandığı və təxminən 1000 il əvvəl düzəldildiyi müəyyənləşib.

Radiokarbon analizinə əsasən, qayığın 992–1049-cu illər arasında hazırlanması ehtimalı 70 faizdir. Təxminən 5 metr uzunluğunda olan kanoenin ən qalın hissəsində eni 0,5 metr, divarlarının qalınlığı 6 santimetr, dibinin qalınlığı isə 12 santimetrdir.

Mütəxəssislərin fikrincə, kanoe böyük ehtimalla əl ilə yonulub. Onun hazırlanması zamanı daş və ya dəniz qabığından hazırlanmış alətlərdən, eləcə də ağacı emal etmək üçün oddan istifadə edilmiş ola bilər.

Arxeoloqların fikrincə, kanoenin su altında kifayət qədər yaxşı vəziyyətdə qalması onun qorunmasına kömək edib. Yerli yerli xalqların istəyinə uyğun olaraq tapıntının göldən çıxarılmamasına qərar verilib. Qayığın dəqiq yeri gizli saxlanılır və Viskonsin qanunvericiliyi onun sudan çıxarılmasını, zədələnməsini, yerinin dəyişdirilməsini və ya məhv edilməsini qadağan edir.

Samir

0