Meksika hakimiyyəti narkokartel üzvlərinin Ukraynadakı müharibədə iştirak edə biləcəyi ilə bağlı yayılan videonu araşdırır. Sosial şəbəkələrdə yayılan görüntülərdəki şəxslərin kimliyi və videonun həqiqiliyi hələ təsdiqlənməyib.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, qısa videoda meksikalı ləhcəsində danışan silahlı şəxslər əks olunub. Onlardan biri döyüşçülərin Meksikanın ən böyük cinayətkar qruplaşmalarından olan “Sinaloa” kartelinin fraksiyalarından biri və “Xalisko – Yeni Nəsil” karteli ilə əlaqəli olduğunu iddia edir.
Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib ki, görüntülərin həqiqiliyi hələ müəyyənləşdirilməyib. Bununla belə, o, Meksika vətəndaşlarının Ukraynadakı döyüşlərdə iştirak etməsi ehtimalını istisna etməyib.
“Onları bu cür münaqişələrdə iştirak edən özəl şirkət, ordu və ya hökumət cəlb etmiş ola bilər. Biz bu hadisəni araşdırırıq”, – deyə prezident vurğulayıb.
Nəşrin qeyd etdiyinə görə, Rusiya və Ukraynada xarici döyüşçülərin iştirakı onların əldə etdikləri hərbi təcrübə və texnologiyalardan öz ölkələrində istifadə edə biləcəkləri ilə bağlı narahatlıq yaradır. Bu, Latın Amerikası ölkələrində mövcud olan münaqişələrin daha da kəskinləşməsi riskini artırır.
Məqalədə pilotsuz uçuş aparatlarının narkotik qaçaqmalçılığı və sərhədi qanunsuz keçmə halları ilə əlaqəli fəaliyyətlərdə istifadə olunduğu da qeyd edilir. Kolumbiyada isə belə aparatların hərbçilərə və polis qüvvələrinə birbaşa hücumlar üçün tətbiqinin artdığı bildirilir.
Qeyd edək ki, son dövrlərdə Rusiyanın xarici ölkə vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etmək üçün cəlb etməsi ilə bağlı da məlumatlar yayılıb. Lakin Meksika ilə bağlı yayılan videoda əks olunan şəxslərin kimliyi və onların hər hansı kartellə əlaqəsi hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Samir


