Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius ölkənin müdafiə büdcəsinin müzakirəsi zamanı Rusiyanın artıq təcavüzkar deyil, düşmən olduğunu bəyan edib.
HİT.az xəbər verir ki, “NL Times” nəşrinin diqqətə çatdırdığı kimi, nazir büdcə müzakirələrindən “Rusiyadan artan təhlükəyə” diqqət çəkmək üçün istifadə edib.
“Rusiya artıq təcavüzkar deyil. Bu, mənim bundan sonra işlətməyəcəyim evfemizmdir”, deyə o bildirib.
Nazir əlavə edib ki, Niderland bu məsələdə “sadəlövh davranmağa” yol verə bilməz. Bununla belə, o, “Bu, müharibə apardığımız anlamına gəlmir. Amma hər şeyin sakit olduğu sülh şəraiti də çox uzaqdır”, deyə qeyd edib.
Yeşilgöz-Zegerius bildirib ki, Niderland hərbçiləri hazırda Estoniyada təlim keçirlər. Onun sözlərinə görə, bunun məqsədi Rusiyaya NATO-nun alyansın şərq sərhədini müdafiə etməyə hazır olduğunu göstərməkdir.
Rusiyanın Niderlanddakı səfirliyi nazirin açıqlamalarından narahatlığını ifadə edib.
“Rusiyanı açıq şəkildə Niderlandın “düşməni” adlandırmaqla xanım Yeşilgöz-Zegerius Haaqanın qarşıdurmaya əsaslanan dağıdıcı kursa sadiqliyini növbəti dəfə nümayiş etdirib. Əslində, o, ölkəmizlə silahlı münaqişəyə səbəb olmaq istəyini həyasızcasına ortaya qoyub”, deyə diplomatik nümayəndəliyin bəyanatında bildirilib.
Səfirlik, həmçinin Rusiyaya qarşı təhdid və ultimatumlarla çıxış etmək cəhdlərinə dözməyəcəklərini vurğulayıb.
“Rusiya Federasiyasının təhlükəsizliyinə və suverenliyinə yönələn istənilən qəsd dərhal, sürətli və sarsıdıcı cavabla qarşılanacaq”, deyə səfirliyin yaydığı açıqlamada qeyd olunub.
Samir


