Günəş Yerdən 5-10 dəfə ağır planeti udmuş ola bilər

DÜNYA
18:00 / 09.10.2026
51

Günəş sistemində digər planet sistemlərindən fərqli olaraq super-Yerlərin olmaması alimlərin diqqətini çəkir. Türkiyəli tədqiqatçılar bu sirrin mümkün izahını irəli sürüblər: onların fikrincə, Günəş sisteminin formalaşmasının ilkin mərhələsində Günəş Yerdən 5-10 dəfə ağır olan qayalı planeti udmuş ola bilər.

HİT.az xəbər verir ki, bu barədə UNIAN “IFLScience” nəşrinə istinadən məlumat yayıb.

Astronomlar bir çox planet sistemində Yerdən xeyli böyük olan qayalı planetlər — super-Yerlər aşkar ediblər. Lakin Günəş sistemində bu tip planetlər yoxdur. Bunun səbəbi indiyədək tam aydınlaşdırılmayıb.

Türkiyənin Ege Universitetinin alimləri kompüter modelləşdirməsindən istifadə edərək mümkün ssenarini araşdırıblar. Onların ehtimalına görə, Günəş sisteminin ilkin dövrlərində Merkurinin orbitindən daha içəridə bir neçə iri planet yarana bilərdi. Zaman keçdikcə həmin planetlərdən bəziləri Günəşə yaxınlaşaraq onun tərəfindən udulmuş ola bilər.

Tədqiqatçıların fikrincə, belə bir hadisə Günəşin kimyəvi tərkibinə və inkişafına təsir göstərə bilərdi. Bu fərziyyə ulduzun səthində litiumun gözləniləndən az olmasını da izah etməyə kömək edə bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, söhbət hələlik nəzəri fərziyyədən gedir. Günəşin həqiqətən super-Yer udduğunu təsdiqləyən birbaşa sübut yoxdur. Hipotezin yoxlanılması üçün ulduzun kimyəvi tərkibində mümkün izlərin daha ətraflı araşdırılması tələb olunur.

Əgər fərziyyə təsdiqlənərsə, bu, Günəş sisteminin ilkin tarixini və planetlərin formalaşma prosesini daha yaxşı anlamağa kömək edə bilər.

Samir

0