Alimlər nəhəng su zanbağının yeni növünü kəşf etdi – Sosial şəbəkə kömək oldu

DÜNYA
17:30 / 09.10.2026
53

Kolumbiyanın tropik meşələrində yarpaqlarının diametri iki metrə çata bilən nəhəng su zanbağının yeni növü aşkarlanıb. Maraqlıdır ki, kəşfin başlanğıcı sosial şəbəkədə paylaşılan fotoşəkillər olub. Lakin nadir bitkinin vəhşi təbiətdə cəmi 30-50 nümunəsinin qaldığı ehtimal edilir.

HİT.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

“Victoria colombiana” adlandırılan bitkinin mövcudluğu Londonun Kyu Kral Nəbatat Bağında çalışan botanik Karlos Maqdalenanın diqqətini çəkib. O, təxminən beş il əvvəl “Instagram”da bitkinin fotolarına rast gəlib. Şəkilləri ABŞ-da ətyeyən bitkilərin yetişdirilməsi ilə məşğul olan Ceremiya Harris paylaşmışdı. Həmin vaxt bitkinin daha geniş yayılmış “Victoria amazonica” növünə aid olduğu düşünülürdü.

Lakin Maqdalenanın araşdırmaları nəticəsində məlum olub ki, “Victoria” cinsinə aid su zanbaqlarının məlum yayılma arealı Kolumbiyanın Qvayniya departamentindəki İnirida çayını əhatə etmir. Bu, botanikdə bitkinin elmə məlum olmayan növ ola biləcəyi şübhəsini yaradıb. O, peyk görüntülərini araşdıraraq ərazidə nəhəng yarpaqlar aşkar edib və yerli sakinlərin köməyi ilə ekspedisiya təşkil edib.

Beş gün davam edən səfər zamanı tədqiqatçılar əvvəlcə cəmi iki bitki tapa biliblər. Onların heç biri çiçəkləmədiyi üçün növün dəqiq müəyyənləşdirilməsi çətinləşib. Ekspedisiyanın son günü yerli Tuкano icmasının nümayəndəsi Qustavo Melonun verdiyi məlumat isə axtarışların istiqamətini dəyişib.

Tədqiqatçılar gecə saat bir radələrində qayıqla su basmış tropik meşənin dərinliklərinə yollanıblar. Sübhə yaxın kiçik göldə daha beş nəhəng su zanbağı aşkar edilib. Onlardan birinin çiçəkləməsi alimlərə yeni növün rəsmi elmi təsvirini hazırlamaq üçün lazımi materialı əldə etməyə imkan verib.

Növün elmi təsviri “Phytotaxa” jurnalında dərc olunub. Tədqiqatçılar bildirirlər ki, peyk görüntüləri vasitəsilə bitkinin başqa populyasiyalarını da tapmaq mümkündür. Quru mövsümdə suyun səviyyəsi azaldıqda əlavə nümunələrin üzə çıxacağı ehtimal edilir.

Alimlər nadir bitkinin qorunması üçün toxumların toplanmasını və onun Boqotada yetişdirilməsini planlaşdırırlar. Gələcəkdə su zanbağının Kyu Kral Nəbatat Bağında da yetişdirilməsi nəzərdən keçirilir. Müzakirə olunan digər təklif isə yerli icmaların ərazisində daha əlçatan göldə qorunan populyasiya yaratmaqdır. Bu addım həm növün uzunmüddətli mühafizəsinə, həm də bölgədə ekoturizmin inkişafına töhfə verə bilər.

Samir

0