Polşanın “Hüquq və ədalət” partiyasının rəhbəri və ölkənin keçmiş baş naziri Yaroslav Kaçinski Polşa məktəblərində yeniyetmələrin törətdiyi hücumların Rusiyanın həyata keçirdiyi “hibrid müharibə”nin bir hissəsi olub-olmadığını sual altına alıb.
HİT.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Burada sual yaranır: bu hücumlar Rusiyanın hibrid müharibəsinin bir hissəsidirmi? Çünki Litvada da oxşar hadisələr baş verib və bu əməllərə ilham Moskvadan gəlib. Heç kimə sirr deyil ki, gəncləri bu cür fəaliyyətlərdə iştirak etməyə təşviq edən Rusiya portalları mövcuddur. Tusk hökuməti buna nəzarət edirmi? Buna ciddi şübhələrim var”, deyə Kaçinski bildirib.
O, həmçinin Polşanın baş naziri Donald Tuskun hökumətini baş verən hadisələrdən siyasi divident əldə etməyə çalışmaqda ittiham edib.
Oktyabrın 8-də Polşanın Leşçidul-Novina yaşayış məntəqəsindəki ibtidai məktəbdə keçmiş şagird təmizlik işçisinə hücum edərək ona bıçaqla xəsarətlər yetirib. Qadının həyatını xilas etmək mümkün olmayıb. 15 yaşlı yeniyetməni dayandırmağa çalışan daha iki nəfər də xəsarət alıb.
Oktyabrın 7-də isə Ostrolenka şəhərində 19 yaşlı gənc peşə məktəbinin binasında insanlara hücum edib. Hadisə nəticəsində doqquz nəfər yaralanıb.
Hadisələrdən sonra Polşa polisi ölkə üzrə 10 mindən çox təhsil müəssisəsini yoxlayıb. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə təhdidlər yayılması ilə əlaqədar 10 nəfərin saxlanıldığını bildirib.
Samir

