Bəzi avropalı analitiklər hesab edirlər ki, Avropa İttifaqı (Aİ) Moskvaya xəbərdarlıq siqnalı vermək məqsədilə kiberimkanlardan istifadə edərək Rusiyanın hansısa şəhərini və ya Moskva metrosunu “iflic edə” bilər.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
“Analitiklər, məsələn, xəbərdarlıq siqnalı olaraq Rusiyanın bir şəhərini və ya Moskva metrosunu iflic etmək üçün kiberimkanlardan istifadə edilə biləcəyini irəli sürüblər. Təhlükə qəsdən və ya təsadüfən həyata keçirilən pilotsuz uçuş aparatı və ya raket hücumu ilə bağlıdırsa, NATO ölkələri NATO ərazisinə doğru yönələn təhdidləri zərərsizləşdirmək üçün Ukrayna ərazisi üzərində də daxil olmaqla, qabaqcıl hava hücumundan müdafiə sistemləri yerləşdirə bilərlər”, – deyə NYT yazır.
Nəşrin məlumatına görə, hazırda Avropa rəsmiləri arasında Aİ-nin Rusiyaya qarşı hansı tədbirləri görməli olduğu və bu tədbirlərin Rusiya ərazisinə də şamil edilməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparılır.
NATO-nun keçmiş yüksək vəzifəli nümayəndəsi Kamil Qrand bildirib ki, ilk növbədə sakitliyi qorumaq lazımdır. Bununla belə, o, arxayınlığa qapılmamağın və “reallığı görməzdən gəlməməyin” vacibliyini vurğulayıb.
Qəzet yazır ki, Avropa hazırda Rusiyanı qınamaq, ictimaiyyətin məlumatlılığını artırmaq, müdafiə imkanlarını gücləndirmək və Moskvaya təzyiq göstərmək yolu ilə hibrid müharibə təhlükəsinə qarşı çəkindirmə siyasətini gücləndirməyə çalışır.
NATO-nun keçmiş kəşfiyyat əməkdaşı Devid Ketler qeyd edib ki, Rusiyaya qarşı görüləcək tədbirlərlə bağlı Aİ daxilində konsensusa nail olmaq “olduqca çətin vəzifə” ola bilər.
O, həmçinin vurğulayıb ki, Rusiyaya qarşı müəyyən “mütənasib tədbirlər” görülməməsi Avropanın zəifliyini nümayiş etdirir və “hücumlara şərait yaradır”. Ketlerin fikrincə, Aİ-nin informasiya kampaniyası ayrı-ayrı hadisələrə reaksiya vermək əvəzinə, ehtiyatlı və əlaqələndirilmiş şəkildə aparılmalıdır.
Oktyabrın 7-də “Politico” qəzeti mənbələrinə istinadən Aİ-nin mülki əhali arasında çoxsaylı itkilərə səbəb ola biləcək “böyük hibrid hücumlara” cavab planı üzərində məxfi şəkildə işlədiyini yazıb.
Sentyabrda Avropa Şurasının baş katibi Alen Berse Aİ-ni Rusiyadan gəldiyi iddia edilən “hibrid təhdidlərə” qarşı mübarizə aparmaq üçün dəyişməyə çağırıb.
Oktyabrın 2-də Belçikanın müdafiə naziri Teo Frankən də Avropanın müharibəyə və hibrid təhdidlərə qarşı kifayət qədər hazırlıqlı olmadığını bildirib.
Samir


