Yer orbitində kosmik tullantıların artması Kessler sindromu adlanan təhlükəni yenidən gündəmə gətirib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, peyklərin və raket qalıqlarının toqquşması zəncirvari prosesə çevrilərsə, orbitin bəzi hissələri onilliklər, hətta yüzilliklər ərzində təhlükəsiz istifadə üçün yararsız ola bilər.
HİT.az xəbər verir ki, kosmik tullantı problemi 1957-ci ildə ilk süni peykin orbitə buraxılmasından sonra tədricən böyüməyə başlayıb. 1978-ci ildə alimlər Donald Kessler və Burton Cour-Palais orbitdəki obyektlərin sıxlığının artmasının öz-özünü sürətləndirən toqquşmalar zəncirinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sonradan bu ssenari Kessler sindromu adlandırılıb.
Bu nəzəriyyəyə əsasən, iki kosmik obyektin toqquşması nəticəsində çoxlu sayda yeni qalıq yaranır. Həmin parçalar digər peyklərlə toqquşaraq əlavə tullantılar əmələ gətirir və proses getdikcə genişlənir. Nəticədə aşağı Yer orbitində kosmik aparatların fəaliyyətini çətinləşdirən təhlükəli mühit yarana bilər.
Məlumata görə, hazırda Yer orbitində təxminən 18 850 peyk mövcuddur. Onların ümumi kütləsinin 17 min tona yaxın olduğu bildirilir. İndiyədək peyklərin parçalanması, partlaması və toqquşması ilə bağlı 660-dan çox hadisə qeydə alınıb.
Təhlükənin əsas səbəblərindən biri kosmik obyektlərin yüksək sürətlə hərəkət etməsidir. Onların sürəti saatda 36 min kilometrə çata bilər. Belə şəraitdə baş verən toqquşmalar peykləri minlərlə hissəyə parçalaya və geniş əraziyə yayılan tullantılar yarada bilər.
Problemin real miqyası 2009-cu ildə daha aydın görünmüşdü. Həmin vaxt fəaliyyətdə olan peyklə 16 il əvvəl istifadədən çıxarılmış başqa bir peyk saniyədə 11,6 kilometr nisbi sürətlə toqquşmuşdu. Hadisə nəticəsində minlərlə izlənilə bilən fraqment yaranmışdı.
Digər böyük hadisə isə Çinin “Fengyun-1C” peykini raketlə məhv etməsi zamanı baş vermişdi. Sınaq nəticəsində yaranan minlərlə qalıq illər keçməsinə baxmayaraq, təxminən 800 kilometr yüksəklikdəki peyklər üçün təhlükə yaratmaqda davam edir.
Kosmik tullantıların azaldılması üçün iri fraqmentlərin tutulması və atmosferə yönəldilərək yandırılması kimi üsullar nəzərdən keçirilir. Lakin orbitdəki obyektlərin çoxluğu, onların müxtəlif ölkə və şirkətlərə məxsus olması, eləcə də beynəlxalq koordinasiya problemləri bu prosesi çətinləşdirir.
Alimlərin fikrincə, peyklərin sayının sürətlə artması və yeni buraxılışların davam etməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Kessler sindromunun əsas təhlükəsi isə müəyyən hədd keçildikdən sonra yeni toqquşmaların əlavə tullantılar yaratması və problemin insan müdaxiləsi olmadan da böyüməsidir.
Samir


