Türkiyə sahillərində 2100 illik lüks qablar tapıldı – Siseron da bu qabları sifariş edib

DÜNYA
12:06 / 10.10.2026
56

Türkiyə sahillərində təxminən 2100 il əvvəl batmış gəmidə minlərlə qiymətli keramika qabı aşkarlanıb. Tapıntının ən maraqlı tərəfi bu qabların Qədim Roma dövlət xadimi və natiqi Mark Tulli Siseronun əsərlərində bəhs etdiyi istehsal mərkəzi ilə əlaqələndirilməsidir.

HİT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Batmış gəmidən müxtəlif forma və ölçülərdə 122 boşqab, sini və digər qablar çıxarılıb. Onların arasında qoz, şorba və balıq təqdim etmək üçün nəzərdə tutulan nümunələr də var. Alimlərin fikrincə, gəmi müasir Türkiyənin cənubunda yerləşən Rhosos şəhərindən Romaya doğru hərəkət edərkən fırtınaya düşərək dayazlığa çırpılıb və batıb. Gəminin dənizin 42-55 metr dərinliyində olduğu bildirilir.

Tapıntının əhəmiyyəti keramikanın tarixi mənbələrlə əlaqəsindən irəli gəlir. Siseron eramızdan əvvəl 50-ci ildə dostu Attikusa yazdığı məktubda Rhososdan keramika qablar sifariş etdiyini qeyd edib. Bununla belə, aşkarlanan qabların birbaşa Siserona məxsus olduğunu təsdiqləyən sübut yoxdur.

ABŞ-ın Şimal-Qərb Universitetinin klassik filologiya və tarix professoru Tako Terpstra bu cür qabların böyük həcmdə tapılmasını nadir hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, keramika yüksək təbəqə üçün nəzərdə tutulub və dövrün adi məişət qablarından fərqlənib. Alim bu nümunələri müasir dövrün zərif çini məmulatları ilə müqayisə edib.

Gəmidə tapılan sikkələr də onun yaşını müəyyənləşdirməyə kömək edir. Keramikanın istehsal olunduğu bölgənin isə müasir Türkiyənin cənubu və Suriyanın şimalı ilə əlaqəli olduğu bildirilir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy keramika nümunələrinin yaxşı vəziyyətdə qalmasına diqqət çəkib. Bildirilir ki, qablar taxta qutulara yerləşdirilərkən aralarına gil doldurulub. Professor Terpstra hesab edir ki, burada istifadə olunan material bişirilməmiş yumşaq gil ola bilər. Bu təbəqə gəmi batdıqdan sonra qabların zədələnməsinin qarşısını alaraq onların yaxşı qorunmasına kömək etmiş ola bilər.

Mütəxəssislərin fikrincə, tapıntı qədim dövrdə lüks malların ticarətini, keramika istehsalını və Roma elitasının istehlak vərdişlərini daha ətraflı öyrənmək üçün mühüm imkan yaradır.

Samir

0