Yaponiya Ayda nəhəng elektrik stansiyası tikməyi planlaşdırır

DÜNYA
13:20 / 10.10.2026
64

Yaponiya Ayın ekvatoru boyunca uzanacaq nəhəng günəş panelləri halqası quraraq Yerə təmiz enerji ötürməyi planlaşdırır. “Luna Ring” adlanan layihə reallaşarsa, Günəş enerjisinin kosmosda toplanaraq Yer səthinə ötürülməsi mümkün ola bilər.

HİT.az xəbər verir ki, bu barədə “Daily Galaxy” nəşri məlumat yayıb.

Layihəni Tokioda yerləşən “Shimizu Corporation” tikinti şirkəti hazırlayıb. Plana əsasən, Ayın ekvatoru boyunca təxminən 11 min kilometr uzunluğunda və ən geniş hissəsində 400 kilometr enində günəş panelləri qurulacaq. Tikinti işlərinin əsasən Yer kürəsindən idarə olunan robotlar və avtomatlaşdırılmış qurğular vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas üstünlüyü Ayda günəş enerjisinin toplanması üçün əlverişli şəraitin olmasıdır. Burada atmosfer, buludlar və hava hadisələri olmadığından günəş şüalarının qarşısını alan maneələr yoxdur. Ayın ekvatoru boyunca yerləşdiriləcək halqanın bir hissəsi daim günəş işığı altında qalaraq enerji istehsal edə bilər.

Toplanan elektrik enerjisinin Ayın Yerə tərəf olan hissəsinə kabellərlə ötürülməsi, daha sonra mikrodalğalar və lazer şüaları vasitəsilə Yerə göndərilməsi planlaşdırılır. Yer səthində xüsusi antenalar bu şüaları yenidən elektrik enerjisinə çevirəcək.

Layihənin tərəfdarları hesab edirlər ki, bu texnologiya gələcəkdə bərpaolunan enerji mənbələrinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bununla belə, mütəxəssislər onun iqtisadi baxımdan nə dərəcədə səmərəli olacağına dair suallar qaldırırlar. Belə nəhəng qurğunun tikintisi və lazımi avadanlıqların Aya daşınması olduqca yüksək xərc tələb edə bilər.

Şirkət tikintiyə ən tez 2035-ci ildə başlamağın mümkünlüyünü nəzərdən keçirir. Layihənin həyata keçirilməsinin təxminən 30 il çəkəcəyi proqnozlaşdırılır. “Luna Ring”in ümumi dəyəri açıqlanmayıb, lakin kənar qiymətləndirmələrdə xərclərin 100 milyard dollardan başlayaraq trilyonlarla dollara çata biləcəyi bildirilir.

Qeyd edək ki, “Luna Ring” hazırda reallaşdırılmış enerji infrastrukturu deyil, gələcəyə hesablanmış iddialı layihədir. Onun həyata keçirilməsi texniki çətinliklərin aradan qaldırılmasından və maliyyə imkanlarından asılı olacaq.

Samir

0