Boris Conson Trampın Rusiya neftinə dair qərarını tənqid etdi

DÜNYA
11:40 / 11.10.2026
63

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yanacaq sanksiyalarını yumşaltmaq qərarını kəskin tənqid edib və Rusiya enerji daşıyıcılarının dünya bazarına qayıtması üçün alternativ yol təklif edib.

HİT.az xəbər verir ki, Conson Rusiyadan dizel yanacağının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını “iyrənc” qərar adlandırıb. O, yanacağın qiymətinin kəskin artmasına görə Ukraynanı günahlandırmağın əsassız olduğunu bildirib. Keçmiş baş nazirin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri Hörmüz boğazının bağlanmasıdır.

Conson vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada günahsız mülki şəxsləri öldürməkdə davam etdiyi halda, Moskvanın enerji gəlirlərini artırmaq onun hərbi əməliyyatlarını maliyyələşdirməyə xidmət edir. O, Vaşinqtonun bu addımının ABŞ-da sürücülərin Putinin müharibəsini maliyyələşdirməsinə səbəb ola biləcəyini deyib və qərarın yanacağın qiymətinə ciddi təsir göstərəcəyinə şübhə ilə yanaşıb.

Keçmiş baş nazir hesab edir ki, Rusiya nefti və qazının dünya bazarına qayıtmasının ən düzgün yolu Ukraynanın müharibədə qələbəsinə nail olmaqdır. Conson azad, suveren və müstəqil Ukraynanın qələbəsi ilə müharibəyə son qoyulmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Rusiyadan dizel yanacağı tədarükünə icazə verməsi Ukrayna ilə Rusiya arasında enerji atəşkəsi ehtimalı ilə bağlı müzakirələr fonunda baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski isə soyuq mövsümdə enerji atəşkəsi müqabilində sanksiyaların yumşaldılmasını dəstəkləyə biləcəklərini bildirib.

Samir

0