Ailələrin illərlə tərəddüd etmədən uşaqlarını etibar etdiyi dayə haqqında üzə çıxan faktlar böyük rezonans doğurub. Əvvəlcə yalnız bəzi xırda detallar diqqət çəkib. Lakin valideynlərin şübhələri artdıqca aparılan araşdırma evin qapıları arxasında baş verənlərin göründüyü kimi olmadığını üzə çıxarıb.
HİT.az xəbər verir ki, Şotlandiyada uzun illər ailələrin etimadını qazanmış dayənin evində baş verənlər həqiqət üzə çıxandan sonra böyük şok yaradıb. Əvvəlcə bəzi valideynlər yalnız kiçik detallara diqqət yetiriblər. Lakin uşaqlar evə qayıdanda müşahidə olunan hallar ailələrdə getdikcə daha çox şübhə yaradıb.
Şübhələr artdıqca dayənin evindəki vəziyyətə dair mənzərə də dəyişməyə başlayıb. Ailələrin illərlə etibar etdiyi 55 yaşlı Amanda Metyuson haqqında aparılan araşdırma uşaqlara göstərilən qayğı ilə bağlı daha ciddi iddiaları üzə çıxarıb.
Araşdırma zamanı ortaya çıxan bəzi təfərrüatlar isə baş verənlərin tək bir hadisə ilə məhdudlaşmadığını göstərib.
Uşaqlar evə ac və çirkli bezlərlə qayıdırdılar
“Telegraph” nəşrinin məlumatına görə, hadisə valideynlərin uşaqlarının dayənin yanından qayıdarkən vəziyyətinə diqqət yetirməsi ilə başlayıb. Bəzi valideynlər uşaqlarının evə ac və susuz qayıtdığını görüblər. Geyimlərində yemək ləkələrinin olmaması da onların gün ərzində yemək yemədikləri ilə bağlı şübhələri gücləndirib.
Digər ailələr isə uşaqların bezlərinin dəyişdirilmədiyini, bəzilərinin çirkli bezlərlə, digərlərinin isə alt paltarlarında qurumuş nəcis izləri ilə evə qayıtdığını bildiriblər. Uşaqlarının kifayət qədər qidalanmadığından və lazımi qayğı ilə təmin edilmədiyindən şübhələnən valideynlər dayənin davranışlarını araşdırmağa başlayıblar.
Evə gedəndə uşaqların qışqırıqlarını eşidiblər
Kirkoldi Şerif Məhkəməsində təqdim olunan məlumatlara görə, iki valideynin şübhələri Metyusonun uşaqları məktəbdən götürməyə gedərkən himayəsində olan uşaqları özü ilə aparmadığını öyrəndikdən sonra daha da artıb.
Vəziyyəti dəqiqləşdirmək istəyən ailələr əvvəlcə məktəbə gediblər. Uşaqların Metyusonun yanında olmadığını öyrəndikdən sonra dayənin evinə yollanıblar.
Evə çatanda bir uşağın qışqırığını eşidən valideynlər həyətdə böyüklərin nəzarəti olmadan buraxılmış beş uşaq görüblər. Uşaqlardan biri evdə heç bir böyüyün olmadığını və Metyusonun onlara həyətdə gözləməyi tapşırdığını deyib.
Daha sonra qapıya yaxınlaşan valideynlər evin içərisindən başqa bir uşağın şiddətlə ağladığını eşidiblər. Qapının kilidli olmadığını görüb içəri daxil olduqda mətbəx masasının altında ağlayan bir uşaq aşkar ediblər.
İki uşaq uşaq arabalarına bağlanmışdı
Evi yoxlamağa davam edən valideynlər yuxarı mərtəbədəki yataq otağında daha doqquz uşaq tapıblar. Uşaqların hamısı beş yaşından kiçik olub və onlardan ikisi uşaq arabalarına bağlanmış vəziyyətdə olub.
Məhkəməyə təqdim edilən məlumatlara görə, uşaqlar olduqca narahat və qorxmuş vəziyyətdə olublar. Bununla belə, onların heç birində fiziki xəsarət aşkar edilmədiyi bildirilib. Valideynlərin məlumatından sonra hadisə yerinə polis əməkdaşları göndərilib.
Uşaqların səslərini boğmaq üçün yüksək səslə musiqi qoşurmuş
Polis araşdırması Metyusonun uşaqları nəzarətsiz qoymasının birdəfəlik hadisə olmadığını üzə çıxarıb. Metyuson ifadəsində uşaqların ən azı 30 dəqiqə tək qaldığını deyib. Lakin məhkəməyə təqdim edilən qapı zəngi kamerasının görüntüləri uşaqların həmin gün ikinci dəfə də nəzarətsiz buraxıldığını göstərib. Araşdırma dərinləşdikcə uşaqların dayənin evində tez-tez tək qaldığı müəyyən edilib.
Məhkəmə sənədlərinə əsasən, Metyuson evdə himayəsində olan uşaqların sayının çoxluğunu gizlətmək üçün yüksək səslə musiqi qoşurmuş. Bununla o, uşaqların səslərinin çöldən eşidilməsinin qarşısını almağa çalışırmış.
“Dayə işləyən rəfiqəm mənə kömək edirdi” iddiası
Məlum olub ki, Metyuson valideynlərin evə daxil olmasına icazə verməyib. Himayəsində olan bəzi uşaqların harada olduğu soruşulanda isə dayə işləyən rəfiqəsinin ona kömək etdiyini iddia edib.
Araşdırma çərçivəsində ifadələri alınan valideynlər uşaqlarının Metyusonun evinə aparılanda narahat olduqlarını bildiriblər. Danışa biləcək yaşda olan uşaqların dayənin evinə getmək istəmədiklərini açıq şəkildə dedikləri qeyd olunub.
Lisenziyası səkkiz uşağa icazə verirdi, evdə isə 27 uşaq tapılıb
Polisin araşdırması zamanı Metyusonun himayəsində olan uşaqların sayı ilə onun çöldə birlikdə göründüyü uşaqların sayı arasında uyğunsuzluqlar aşkarlanıb. Məhkəmədə, həmçinin onun evində eyni vaxtda 27 uşağın olduğu müəyyən edilib. Bu, lisenziyada göstərilən həddən 19 uşaq çoxdur və uşaqlara göstərilən qayğı ilə bağlı araşdırmanın əsas nəticələrindən biri hesab olunur.
Metyuson saxlanılan dövrdə himayəsində olan uşaqların yaşları barədə məlumatlar da məhkəməyə təqdim edilib. Məlumata görə, 15 uşaq 12 yaşından kiçik, 10 uşaq ibtidai məktəb yaşına çatmamış, iki uşaq isə bir yaşından kiçik olub.
Halbuki Metyusonun lisenziyası ona eyni vaxtda ən çox səkkiz uşağa baxmağa icazə verirdi. Lisenziyada uşaqların yaşlarına görə əlavə məhdudiyyətlər də nəzərdə tutulurdu. Belə ki, 12 yaşından kiçik uşaqların sayı altıdan, ibtidai məktəb yaşına çatmamış uşaqların sayı üçdən, 12 aydan kiçik körpələrin sayı isə birdən çox ola bilməzdi.
Beləliklə, Metyusonun yalnız ümumi uşaq sayına dair məhdudiyyəti deyil, yaş qrupları üzrə müəyyən edilmiş hədləri də aşdığı üzə çıxıb.
Ailələrin güvəndiyi dayə idi: “Onu yaxşı dostumuz hesab edirdik”
Hadisədən sonra BBC Scotland-a danışan ailələr Metyusonun uzun illər ətrafında etibarlı və sevilən dayə kimi tanındığını bildiriblər.
Valideynlərdən biri onun bölgənin ən yaxşı dayələrindən biri hesab edildiyini, cəmiyyətin müxtəlif təbəqələri arasında sevilən və etibar edilən insan olduğunu deyib. Həmin valideynin sözlərinə görə, Metyuson evindən kənarda qarşılaşdığı böyüklərə qarşı mehriban, qayğıkeş və etibarlı biri təsiri bağışlayırdı. İddialara görə, bu görüntü evdə baş verənlərin gizli qalmasına kömək edib.
Başqa bir valideyn isə Metyusonu yalnız uşaqlarının dayəsi deyil, həm də yaxşı dostları hesab etdiklərini bildirib. Qadının uzun illər ailələrin etimadını qazanması baş verənlər üzə çıxdıqdan sonra valideynlərin yaşadığı sarsıntını daha da artırıb.
“Mahirlə manipulyasiya edirdi, illərlə hər şeyi gizlədib”
Metyusonu yaxşı dost hesab etdiyini deyən valideyn hadisədən xəbər tutmağın həm özləri, həm də digər ailələr üçün son dərəcə sarsıdıcı olduğunu bildirib. Uşaqlarına səkkiz il ərzində yaxşı baxıldığına inandıqlarını deyən valideyn artıq həmin dövrə əvvəlki kimi baxa bilmədiklərini vurğulayıb və Metyusonu “mahir manipulyator” adlandırıb.
Digər valideyn isə hadisənin üzə çıxmasından sonrakı ilk ayların onlar üçün çox çətin keçdiyini söyləyib. Onun sözlərinə görə, ailələr uşaqlarının keçmişdə dediklərini və danışdıqları hadisələri təkrar-təkrar xatırlayıblar. Həmin vaxt adi görünən bəzi davranışların geriyə nəzər saldıqda laqeydliyin əlaməti ola biləcəyi qeyd olunub.
Hadisədən əvvəl yoxlamadan “çox yaxşı” qiyməti almışdı
Hadisədən sonra üzə çıxan rəsmi yoxlama hesabatı diqqətçəkən başqa bir məqamı ortaya qoyub. Şotlandiya Qayğı Müfəttişliyi tərəfindən 2023-cü ilin avqustunda dərc edilmiş hesabatda bildirilir ki, hadisə üzə çıxmazdan təxminən bir il əvvəl Metyusonun evində xəbərdarlıq edilmədən yoxlama aparılıb.
Yoxlama zamanı uşaqlara göstərilən qayğı, öyrənmə imkanları və evin fiziki şəraiti qiymətləndirilib. Metyuson təqdim etdiyi xidmətin keyfiyyətinə görə qiymətləndirmə şkalası üzrə ikinci ən yüksək nəticəni — “çox yaxşı” qiymətini alıb.
Hesabatda uşaqlara isti, rahat və ev şəraitini xatırladan mühitdə baxıldığı, onlarla ünsiyyətdə nəzakətli və qayğıkeş münasibət göstərildiyi qeyd olunub. Lakin təxminən bir il sonra başlayan polis araşdırması lisenziyada nəzərdə tutulan həddən qat-qat çox uşağa baxıldığını və onların dəfələrlə evdə nəzarətsiz buraxıldığını üzə çıxarıb.
Müfəttişlik nəticə çıxarıb: iş qaydaları dəyişdirilib
Şotlandiya Qayğı Müfəttişliyi hadisədən sonra yaydığı açıqlamada baş verənləri “kədərli hadisə” adlandırıb. Qurumun nümayəndəsi BBC-yə bildirib ki, hadisədən çıxarılan nəticələr əsasında iş qaydalarında dəyişikliklər edilib.
Şotlandiya polisi də uşaqlara qarşı laqeydliklə bağlı bir neçə qurumun əməkdaşlığı ilə genişmiqyaslı araşdırma aparıldığını açıqlayıb. Polis nümayəndələri cinayət qurbanlarına dəstək göstərmək və uşaqları təhlükələrdən qorumaq əzmində olduqlarını bildiriblər.
Hökm noyabrın 6-da açıqlanacaq
Oktyabrın 6-da Kirkoldi Şerif Məhkəməsində keçirilən iclasda Metyuson himayəsində olan uşaqlara qəsdən laqeyd yanaşdığını, onları nəzarətsiz qoyduğunu və lazımsız əzab çəkmələrinə və ya sağlamlıqlarının zərər görməsinə səbəb ola biləcək şəraitə məruz qoyduğunu etiraf edib.
Məhkəmə hökm çıxarılmazdan əvvəl qiymətləndirmə hesabatlarının hazırlanması üçün cəzanın elan edilməsini 6 noyabr 2026-cı il tarixinə təxirə salıb. Metyusonun girov müqabilində azadlıqda qalması barədə qərarın qüvvədə saxlanıldığı bildirilib.
Samir


