Britaniyadan Zelenskiyə dəstək: “Ukraynanın yanındayıq”

DÜNYA
17:00 / 11.10.2026
59

Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni lider seçilməsinin zəruriliyi ilə bağlı açıqlamasından sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.

HİT.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri Böyük Britaniyanın səhiyyə naziri Ves Stritinqin açıqlamasına istinadən məlumat yayıb.

Britaniya televiziyasında çıxışı zamanı Stritinq “Biz Ukraynanı dəstəkləyirik. Prezident Zelenskinin yanındayıq” deyib. O, müharibənin başlanmasına görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü vurğulayıb və Rusiya Prezidenti Vladimir Putinin döyüşləri dayandırmaq imkanına malik olduğu halda bunu etmədiyini bildirib.

Nazir Trampın mövqeyinin noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri ilə əlaqəli ola biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, ABŞ prezidentinə ölkədə yaşayış xərclərinin və enerji qiymətlərinin artması ilə bağlı təzyiqlər var.

Stritinq, həmçinin Ukraynanın müttəfiqlərini mümkün qədər vahid mövqe nümayiş etdirməyə çağırıb. O, Rusiyaya iqtisadi təzyiqin gücləndirilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və Böyük Britaniyanın sabiq baş naziri Boris Conson da Trampın Rusiya enerji daşıyıcılarına tətbiq edilən sanksiyaların yumşaldılması ilə bağlı qərarını tənqid ediblər.

Samir
 

0