Neandertalların yalnız daş alətlərin hazırlanmasında deyil, ağac emalında da kifayət qədər bacarıqlı olduqları müəyyən edilib. İspaniyada aparılan arxeoloji qazıntılar zamanı min illər əvvəl istifadə olunmuş taxta əşyaların izləri aşkarlanıb.
HİT.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırma İspaniyanın Kataloniya bölgəsində yerləşən Abric Romaní arxeoloji ərazisində aparılıb. Burada təxminən 40-62 min il əvvələ aid 13 müxtəlif taxta əşyanın qalıqları və izləri müəyyən edilib. Tapıntılar arasında nizələr, toxmaqlar, qablar və üçayaqlı qurğuların hissələri var.
Araşdırmanın maraqlı tərəflərindən biri Neandertalların əşyaların hazırlanması üçün ağac növünü məqsədyönlü seçmələridir. Məsələn, yüngül və elastik qabların hazırlanmasında ardıc ağacının qabığından istifadə edildiyi ehtimal olunur. Daha möhkəm və aşınmaya davamlı alətlər üçün isə sarı şam ağacına üstünlük verilib.
Alimlərin sözlərinə görə, tapıntıların qorunub saxlanması nadir təbii şərait sayəsində mümkün olub. Adətən ağac zamanla çürüyərək yox olur. Lakin Abric Romaní ərazisində əşyaların ətrafında yaranan travertin təbəqələri onların formasını qoruyub, bəzi qalıqlar isə kömürləşmə nəticəsində günümüzə qədər gəlib çatıb.
Qazıntılar zamanı tək parça ağacdan yonulmuş, qeyri-adi quruluşa malik toxmaq da aşkarlanıb. Alətin dəstəyi əldən sürüşməyəcək şəkildə hazırlanıb, ucu isə zərbənin təsirini artırmağa imkan verən formaya malikdir. Tədqiqatçılar onun ovlanmış heyvanlara son zərbəni vurmaq və ya müdafiə məqsədilə istifadə edilmiş ola biləcəyini düşünürlər. Bununla belə, alətin dəqiq təyinatı hələ müəyyən edilməyib.
Bundan başqa, qida emalında istifadə olunduğu ehtimal edilən, təxminən beş metr uzunluğunda işlənmiş ağac gövdəsinin izləri də tapılıb. Alimlər hesab edirlər ki, bu kəşflər Neandertalların texniki bacarıqlarını yalnız daş alətlər əsasında qiymətləndirməyin düzgün olmadığını göstərir. Onların ağac və digər üzvi materiallardan gündəlik ehtiyaclarına uyğun müxtəlif vasitələr hazırlamaq qabiliyyəti əvvəllər düşünüldüyündən daha geniş olub.
Samir


