Rusiya Ukraynada seçkilərin keçirilməsi məsələsindən sülh danışıqlarını uzatmaq və Kiyevin Qərbdən aldığı dəstəyi zəiflətmək məqsədilə istifadə edir.
HİT.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında bildirilib.
Analitiklər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Moskvanın Ukraynada qələbəyə yalnız döyüş meydanındakı qüvvələr və ballistik silahlar vasitəsilə yaxınlaşa biləcəyi barədə açıqlamasına diqqət çəkiblər. Onların fikrincə, bu mövqe Kremlin Ukraynaya qarşı hərbi təzyiqi davam etdirmək niyyətini göstərir.
ISW hesab edir ki, Moskva Ukraynada seçkilərin keçirilməsi ilə bağlı müzakirələri gündəmdə saxlamaqla müharibənin davam etməsinə görə məsuliyyəti Kiyevin üzərinə qoymağa çalışır. Analitiklərin fikrincə, Kremlin məqsədlərindən biri Qərbin Ukraynaya dəstəyini zəiflətmək, o cümlədən Kiyevlə Vaşinqton arasında kəşfiyyat məlumatlarının mübadiləsinə təsir göstərməkdir.
Hesabatda vurğulanıb ki, Ukrayna hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan edən konstitusiya müddəalarına görə səsvermə təşkil edə bilmir. Bununla belə, Kiyev atəşkəs əldə olunacağı təqdirdə seçkilər keçirməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da son açıqlamalarında Ukraynada seçkilərin keçirilməsinə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın 60 günlük atəşkəsə razılaşacağı təqdirdə seçkilərin təşkil edilə biləcəyini bildirib. ISW analitikləri hesab edirlər ki, Moskva atəşkəsə razılıq verməklə bu prosesə şərait yarada bilər.
Samir


