ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində yanacağın qiymətini aşağı salmağa çalışsa da, dünya bazarındakı vəziyyət bu vədin reallaşmasını çətinləşdirir. Benzin və dizelin bahalaşması amerikalıların yaşayış xərclərini artırmaqla yanaşı, Ağ Ev üçün siyasi problemə çevrilir.
HİT.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb.
Məlumata görə, Tramp seçicilərlə görüşlərində və sosial şəbəkələrdə yanacağın qiymətinin tezliklə aşağı düşəcəyini vəd edir. Lakin ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatına əsasən, oktyabrın 11-də ölkədə benzinin orta qiyməti bir qallon üçün 4,36 dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 3,09 dollar olub. Dizelin qiyməti isə ayın əvvəlində bir qallon üçün 6,28 dollara yüksəlib.
Nəşr qeyd edir ki, Yaxın Şərqdə enerji infrastrukturuna hücumlar, Hörmüz boğazında yaranan problemlər və neft emalı zavodlarının istehsal imkanlarının məhdudluğu yanacaq tədarükünə mənfi təsir göstərir. Bu vəziyyət yükdaşımaların və digər iqtisadi fəaliyyətlərin xərclərini artıraraq inflyasiya təzyiqini gücləndirə bilər.
Məqalədə bildirilir ki, Tramp qiymətləri aşağı salmaq məqsədilə Rusiyadan yanacaq ixracına tətbiq olunan sanksiyaları müvəqqəti dayandırıb. Bu addım siyasi dairələrdə mübahisələrə səbəb olub. Tənqidçilər Rusiyaya qarşı məhdudiyyətlərin yumşaldılmasını, Moskvanın Ukraynaya qarşı müharibəni davam etdirdiyi bir vaxtda, məqsədəuyğun hesab etmirlər.
“Business Insider”in qənaətinə görə, qlobal enerji bazarındakı qeyri-sabitlik fonunda yanacağın qiymətini seçkilərə qədər əhəmiyyətli dərəcədə azaltmaq çətin görünür. Bu isə yaşayış xərclərinin artmasından narazı olan seçicilərin mövqeyinə təsir edə bilər.
Samir


