Ukraynada maliyyə böhranı: Hökumət on milyardlarla qrivnanın ayrılmasını təxirə saldı

DÜNYA
14:48 / 12.10.2026
62

Ukraynada oktyabr ayında likvidlik böhranı yaranıb. Maliyyə çətinlikləri ilə üzləşən hökumət əsas olmayan büdcə xərclərini təxirə salıb, kapital qoyuluşlarının maliyyələşdirilməsini dayandırıb və vergi ödəyicilərinə ƏDV-nin qaytarılmasını gecikdirib.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko Ali Radada hökumət saatı zamanı danışıb.

Nazirin sözlərinə görə, hazırda dövlət büdcəsindən əsasən müdafiə xərcləri, pensiyalar, əməkhaqları və sosial yardımlar maliyyələşdirilir. Hökumət büdcə vəsaitlərinin prioritet istiqamətlərə yönəldilməsi barədə qərar qəbul edib. Bu çərçivədə təxminən 39 milyard qrivna məbləğində xərcin maliyyələşdirilməsi ilin sonrakı dövrünə keçirilib.

Marçenko bildirib ki, söhbət proqramların ləğvindən və ya nəzərdə tutulan işlərdən imtinadan getmir. Sadəcə, bəzi layihələrə ayrılması planlaşdırılan vəsaitin verilməsi təxirə salınıb. Eyni zamanda, vergi ödəyicilərinə ümumilikdə 18 milyard qrivna məbləğində ƏDV-nin qaytarılması da müvəqqəti dayandırılıb.

Maliyyə çətinliklərinə baxmayaraq, hökumət qışa hazırlıqla bağlı dayanıqlılıq planlarının icrasını yenidən aktivləşdirib. Nazir yerli özünüidarəetmə orqanlarının və büdcə vəsaitlərinin əsas sərəncamçılarının istilik mövsümünə vaxtında hazırlaşacağına ümid etdiyini bildirib.

Marçenkonun sözlərinə görə, Ukraynanın müdafiə xərcləri genişmiqyaslı müharibənin başlanmasından bəri əhəmiyyətli dərəcədə artıb. Əgər 2022-ci ildə müdafiə sektorunun ehtiyacları 105 milyard dollar təşkil edirdisə, hazırda bu göstərici 155 milyard dollara çatıb. Döyüşlərin intensivləşməsi fonunda ilin sonunadək müdafiə ehtiyaclarının maliyyələşdirilməsində 27 milyard dollarlıq kəsir qeydə alınıb.

Bundan əlavə, Ukrayna beynəlxalq tərəfdaşlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməməsi səbəbindən 29,5 milyard dollar məbləğində vəsaiti vaxtında ala bilməyib. Ölkənin dövlət maliyyəsində yaranmış vəziyyət hökuməti büdcə vəsaitlərinə qənaət tədbirlərini sərtləşdirməyə vadar edib.

Ukrayna hakimiyyəti daha əvvəl də büdcə xərclərinin optimallaşdırılacağını və ilk növbədə hərbi ehtiyacların, pensiyaların, sosial ödənişlərin, eləcə də müəllim və həkimlərin əməkhaqlarının maliyyələşdiriləcəyini açıqlamışdı. Prezident Volodimir Zelenski isə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq sayəsində büdcə kəsirinin ilin sonunadək bağlanmasının mümkün olacağını bildirmişdi.

Samir
 

0