Misirdə Qədim Misirin ən qüdrətli hökmdarlarından biri hesab edilən III Amenhotepin 3400 illik məqbərəsi uzun fasilədən sonra turistlərin ziyarətinə açılıb. Bərpa işlərinə görə 20 ildən artıq müddətdə bağlı qalan tarixi abidə qədim Misir mədəniyyətinin mühüm nümunələrindən biri hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə “Futura Sciences” nəşri məlumat yayıb.
III Amenhotep təxminən e.ə. 1390–1350-ci illərdə, XVIII sülalənin hakimiyyəti dövründə Misiri idarə edib. O, gənc yaşlarında taxta çıxıb və təxminən 38 il hakimiyyətdə qalıb. Onun dövrü ölkənin siyasi və mədəni baxımdan çiçəkləndiyi mərhələlərdən biri kimi tarixə düşüb. Fironun hakimiyyəti dövründə inşa edilən məşhur abidələr arasında Luksor yaxınlığındakı Memnon nəhəng heykəlləri də var.
Məqbərə ilk dəfə 1799-cu ildə Napoleonun Misir yürüşü zamanı fransız mühəndislər tərəfindən aşkarlanıb. 1915-ci ildə isə britaniyalı arxeoloq Hovard Karter burada genişmiqyaslı qazıntılar aparıb. Lakin həmin vaxta qədər qəbir otağı qədim dövrlərdə qarət edildiyindən dəfn xəzinələri demək olar ki, tamamilə talan olunmuşdu.
Buna baxmayaraq, məqbərədə qorunub saxlanılan divar rəsmləri və heroqliflər böyük tarixi əhəmiyyət daşıyır. Divarlarda “Ölülər kitabı”ndan götürülmüş müqəddəs mətnlər yer alır. Qədim misirlilər bu mətnlərin ölən şəxsin axirət dünyasına təhlükəsiz keçidinə kömək etdiyinə inanırdılar. Daş sarkofaqın əsası və qapağı da məqbərədə qalıb, baxmayaraq ki, sarkofaqın özü oğurlanıb.
Məqbərənin bərpası 2001–2024-cü illər ərzində üç mərhələdə həyata keçirilib. Misirli, yaponiyalı və digər beynəlxalq mütəxəssislər UNESCO-nun himayəsi altında divar rəsmlərini təmizləyib və möhkəmləndiriblər. Bu işlər kövrək təsvirlərin qorunmasına və abidənin ziyarət üçün hazırlanmasına imkan yaradıb.
Təxminən 36 metr uzunluğunda dəhliz məqbərənin bir-biri ilə əlaqəli üç otağına aparır. Otaqlardan biri firon, digər ikisi isə onun həyat yoldaşları Tiya və Sitamun üçün nəzərdə tutulub. Bununla belə, III Amenhotepin mumiyası hazırda məqbərədə saxlanılmır. Qədim dövrdə kahinlər tərəfindən daha təhlükəsiz yerə köçürülən mumiyanın hazırda Qahirədəki Misir Sivilizasiyası Milli Muzeyində qorunduğu bildirilir.
Samir


